Honda şirkəti General Motors konserninin köməyi ilə hazırlanacaq yeni kütləvi elektrik modeli haqqında məlumatı dərc edib. Bu elektrokar, satış debütü 2024-cü ilin əvvəlində planlaşdırılan Prologue adlı krossover olacaqdır. Yeni elektrokar GM platformasında inşa ediləcək və Ultium batareyaları ilə təchiz ediləcəkdir. Honda isə elektromobilin dizaynı üzərində işləyəcək və onu firma təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edəcəkdir. Honda Prologue modelindən sonra bazara Acura markası altında buraxılacaq bənzər krossover çıxacaqdır.

Həm Honda Prologue krossoveri, həm də Acura markası altında buraxılacaq model yalnız ABŞ-da istehsal ediləcək və satılacaqdır. Lakin daha sonra şirkət özünün e:Architecture platformasında inşa edilmiş öz elektromobilini təqdim edəcəkdir  - bu model artıq qlobal olacaqdır.

Honda şirkətinin planlarına görə, 2030-cu ilə qədər satılan nəqliyyat vasitələrinin 40 faizini elektromobillər təşkil etməlidir. 2035-ci ildə onların payı 80 faizə çatacaq, 2040-cı ilə qədər isə yapon istehsalçısı ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərin yığılmasını və satışını tamamilə dayandıracaqdır.

2020-ci ildən bəri, yapon markası Avropa bazarında 29,5 min avrodan başlayan qiymətlərlə satılan və markanın  ilk kütləvi elektrik modeli olan Honda e hetçbekini təklif edir. 100 kilovatlıq elektrik mühərriki  ilə təchiz olunmuş hetçbek, WLTP ölçmə dövrünə əsasən, batareyanı doldurmadan 220 kilometrə qədər məsafə qət edə bilər. 113 kilovatlıq elektrik mühərriki ilə təchiz edilən daha güclü versiya 32,5 min avroya satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.