Çin bazarında satışları 2024-cü ildə başlayacaq Accord sedanı Honda Sensing 360+ təhlükəsizlik kompleksini alan ilk Honda avtomobili olacaq. Bu, əsas sensorlara (radarlar və sonarlara) yanaşı, yüksək keyfiyyətli xəritələrdən və sürücünün vəziyyətini izləyən əlavə kameradan istifadə edən adi Sensing 360 kompleksinin daha qabaqcıl versiyasıdır. Yeni sistem magistral yollarda sürücüyə əlləri sükandan çəkməyə imkan verəcək. Accord öz zolağında qala, qabaqdakı avtomobillə ara məsafəsini saxlaya və radiusu nəzərə alaraq dönmədən əvvəl sürəti azalda biləcək.
Elektronika həmçinin ötmə üçün zolaqları dəyişməyin nə vaxt daha məqsədəuyğun olduğunu xəbər verəcək. Naviqasiya rejimində isə o, kəsişmədə və ya magistral yoldan çıxarkən hansı zolağa keçməyin daha yaxşı olduğunu bildirəcək.
Eyni zamanda, Honda Sensing 360+ kompleksi Accord modelinin arsenalına Exir Warning (qapıların təhlükəsiz açılması) və Driver Emergency Support System (sürücünün halı pisləşdikdə yardım) əlavə edib.
Əgər hər hansı bir səbəbdən sürücü heç bir tədbir görmürsə və idarəetməni öz üzərinə götürmürsə, avtomobil hərəkət zolağında dayanacaq, səs siqnalı ilə birlikdə qəza işıqlarını yandıracaq və HELPNET şəbəkəsi vasitəsilə köməyə çağıracaq.
Çində satılan Accord sedanı 1,5-litrlik “turbodördlük” (192 at qüvvəsi, 260 Nm) və 2,0-litrlik atmosfer mühərrikinə əsaslanan e:PHEV hibrid güc qurğusu ilə təklif edilir. Hibrid qurğunun ümumi hasilatı 207 at qüvvəsi və 335 Nm fırlanma anı təşkil edir.
Sedanın baza versiyası 10 təhlükəsizlik yastığı, 10,2-düymlük rəqəmsal cihazlar paneli, açarsız giriş və PM 2,5 incə hissəcik filtrli kondisioner sistemi ilə təchiz olunur. Baza versiyasının qiyməti 179.800 yuandır (42 800 manat).
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.