Honda şirkəti oktyabr ayında keçiriləcək Toyko avtosalonunda NSX superkarının ekstremal variantını nümayiş etdirə bilər. Honda NSX Type R adlandırılacaq model adi superkardan daha güclü olacağı və NSX GT3 yarış avtomobilinin adaptasiya edilmiş aerodinamik dayağı ilə təchiz ediləcəyi ehtimal olunur.
Forbes nəşri Honda NSX modelinin Sport Hybrid SH-AWD hibrid mühərrikinin gücünün 659 at qüvvəsinə qədər artırılacağını iddia edir. Bundan başqa, NSX Type R modelinin daha sərt asqı ilə təchiz olunacağı da istisna edilmir.
Keçən il Honda NSX cüzi yenilənməyə məruz qalıb. Superkarın şassisi daha qalın stabilizatorlarla təchiz edilmiş, güc qurğusunun, sükan idarəetməsinin və adaptiv amortizatorların idarəetmə bloklarının proqram təminatları yenilənmişdir. Bundan başqa, Honda NSX xüsusi olaraq bu model üçün hazırlanmış Continental ContiContact 6 şinləri ilə təchiz edilib.
Xatırladaq ki, Honda NSX tərkibinə 3,5-litrlik V6 mühərriki və üç elektromühərrik daxil olan hibrid qurğu ilə təchiz edilir. Qurğunun ümumi hasilatı 583 at qüvvəsi və 644 Nm-dir. 9-pilləli «robot» ilə tandemdə çalışan aqreqat superkarı 100 km/saat həddinə 3,6 saniyəyə sürətləndirir. Honda NSX modelinin maksimal sürəti 307 km/saatdır.