Honda şirkəti Pilot modelinin Black Edition adlı versiyasını təqdim edib. «Qara» versiya bayraqdar krossoverin Elite təchizat səviyyəli modifikasiyasının əsasında hazırlanıb.
«Qara» krossover Crystal Black Pearl qara rənginə boyanmış kuzova, radiator barmaqlığı və baqaj qapısının üzərindəki Black Edition emblemlərinə, qara 20-düymlük təkər disklərinə və qara dekora sahib olub. Honda Pilot Black Edition modelinin tünd rəngli salonu qırmızı tikişlər və oturacaqlarda həkk edilmiş «Black Edition» loqotipləri ilə bəzədilib.
«Qara» seriyadan olan krossoverləri səkkiz və yeddi yerli quruluşda əldə etmək olar. Texniki cəhətdən krossover dəyişilməyib: avtomobil 284 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki, doqquz pilləli avtomatik qutu və fırlanma anının arxa təkərlər arasında dinamik şəkildə bölünməsini təmin edən i-VTM4 tam ötürmə sistemi ilə təchiz edilir.
Modelin təchizatına panoram tavan, smartfonların induksion doldurulması sistemi, LED işıq texnikası, HondaLink servislərinə girişi olan multimedia sistemi daxildir. Krossoverin ABŞ-dakı satış qiyməti 50.715 dollardır.