Honda Prelude kupesi 1978-ci ildən 2001-ci ilə qədər istehsal edilib, lakin sonra bu ikiqapılı uzun müddət yapon brendi tərəfindən təklif edilməyib. Honda dirçəlişə uzun müddət və diqqətlə hazırlaşıb, çünki yeni nəslin seriyaöncəsi versiyası ilk dəfə 2023-cü ilin payızında nümayiş etdirilib. İndi isə, yeni kupe üzərindəki sirr pərdəsi tamamilə götürülüb və onun Yaponiyadakı istehsal və satışına başlanılıb.

Honda Prelude kupesi eksteryer dizaynı baxımından iki il əvvəlki şou avtomobilindən demək olar ki, heç nə ilə fərqlənmir. Avtomobilin dizaynı Unlimited Glide üslubunda hazırlanıb və axarlı formaları olan alçaq silueti ilə seçilir. Yeri gəlmişkən, formal olaraq bu üçqapılı hetçbekdir, çünki baqaj qapağı arxa pəncərə ilə birlikdə yuxarı açılır. Uzunluq baxımından Prelude kupesi qohum Civic hetçbeki ilə bənzərdir: 4530-a qarşı 4520 millimetr.

Eyni zamanda, kupe nəzərəçarpacaq dərəcədə geniş (1801 əvəzinə 1880 millimetr) və daha alçaqdır (1415 əvəzinə 1355 millimetr), həm də qısaldılmış təkər bazasına malikdir - 2735 əvəzinə 2605 millimetr. 235/40 R19 ölçülü Continental PremiumContact 6 şinləri ilə təchiz olunmuş 19 düymlük disklər quraşdırılıb.

Salonun ön hissəsi Civic modelindən götürülüb, fərqlər yalnız detallardadır. Prelude transmissiyanın yeni idarəetmə pultu olan daha yüksək mərkəzi tunelə malikdir. İnteqrasiya edilmiş başlıqları və seçilən mavi tikişləri olan oturacaqlar quraşdırılıb. Tamölçülü arxa divan, kiçik yüklərin daşınması üçün arxa hissəsi qatlanan iki nəfərlik qısa oturacaqlar ilə əvəz olunub.

Kupe üçün cihazlar panelinin özünəməxsus qrafikası və quraşdırılmş Google xidmətləri olan media sistemi hazırlanıb. Maraqlıdır ki, ön sərnişin oturacağı sürücünün oturacağından daha yumşaq içalata malikdir. Səkkiz dinamiki və məkan səsləndirməsi olan premium Bose audio sistemi kupenin baza təchizatına daxildir.

O, qənaətcil Atkinson dövrü ilə işləyən və 41% yüksək istilik səmərəliliyinə malik olan 2,0-litrlik atmosfer mühərrikinə (141 at qüvvəsi, 182 Nm) əsaslanır. Güc aqreqatı ilə birlikdə iki elektrik mühərriki işləyir: onlardan biri daxili yanma mühərrikinə qoşulub və generator rejimində işləyir, ikincisi isə, ön təkərləri fırladır və onun hasilatı 184 at qüvvəsi və 315 Nm təşkil edir.

Honda Civic modeli Prelude kupesi ilə firma Honda e:HEV hibrid sistemini paylaşıb. Yüksək sürətlərdə, elektrik mühərrikinin səmərəliliyi azaldıqda, mufta benzin mühərrikini birbaşa təkərlərə qoşur. Hibrid sistemin maksimal gücü 203 at qüvvəsinə bərabərdir. Burada adi ötermələr qutusu yoxdur, lakin Prelude kupesi üçün xüsusi olaraq, sükanaltı dəstəklər vasitəsilə səkkiz pillənin dəyişdirilməsini simulyasiya edən S + Shift sistemi nəzərdə tutulub. O, Active Sound Control(ASC) sistemi ilə sinxronlaşdırılıb ki, bu da bütün hərəkəti dəqiq səsləndirmək üçün nəzərdə tutulub - məsələn, Honda Civic Type R hot-hetçinin mühərrikinin səsini dinamiklərə ötürülür.

Bununla belə, yeni kupe “qaynar” hetçbekdən təkcə səs müşayiətini deyil, həm də şassisini miras alıb. Ön tərəfdə ayrıca sükan düyünləri olan McPherson asması, arxada isə, çoxqollu asma quraşdırılıb, Prelude standart olaraq adaptiv amortizatorlara malikdir. Sükan idarəetməsi və Brembo əyləc sistemi də hot-hetçdən götürülüb.
eni Honda Prelude kupesini artıq Yaponiyada 6,18 milyon yenə (42 min dollar) sifariş etmək mümkündür. Bundan əlavə, 6,48 milyon yenə (44 min dollar) təklif edilən və ikirəngli kuzovu və xüsusi dekoru ilə seçilən xüsusi salamlama versiyası da hazırlanıb. Sonradan Prelude Honda üçün vacib sayılan Avropa, Amerika və digər əsas bazarlarda peyda olacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.