Honda iki il əvvəl General Motors konserni ilə birgə elektromobilləri istehsal etmək barədə razılığa gəlib. Plana əsasən, amerikan tərəfi Honda üçün iki model hazırlayacaqdır. Üstəlik, platforma ilə yanaşı, onlar Ultium dartma batareyalarına və GM elektronikasına sahib olacaqlar. Honda dizayn üzərində işləyəcək, incə tənzimləmələri aparacaq və Honda Sensing təhlükəsizlik sistemini təqdim edəcəkdir. İndi isə, avtomobilin görünüşü barədə təsəvvür yaradan ilk tizer dərc edilib.
Kütləvi elektromobilləşdirmənin ilki Honda Prologue krossoveri olacaqdır. Prologue modelinin dizaynı artıq təsdiqlənib və onun üzərində şirkətin Yaponiyadakı dizayn mərkəzinin dəstəyini alan Los Ancelesdəki dizayn studiyası işləyib. Dərc edilmiş yeganə şəkildən Prologue modelinin kuzovu həqiqətən də orijinal olacaqdır: o, üzü dəyişdirilmiş GM modellərinə bənzəmir.
Honda Prologue krossoveri ABŞ bazarına 2024-cü ilin əvvəlində çıxmalıdır, ikinci birgə model isə, Acura törəmə markası altında buraxılacaq oxşar krossover olacaqdır. Hər iki elektromobil Amerikada və yalnız yerli bazar üçün istehsal ediləcəkdir. Yeri gəlmişkən, hazırda ABŞ-da Honda markasının bir ədəd olsun belə elektrik modeli yoxdur. Daha sonra, Honda özünün e:Architecture platformasına əsaslanan kütləvi elektromobilləri də istehsal edəcəkdir, lakin onları ən azından 2026-cı ilə qədər gözləmək lazımdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.