Honda, Nissan və Mitsubishi şirkətləri hələ keçən ilin dekabra ayında birləşəcəklərini elan ediblər. Artıq tərəflər anlaşma memorandumunu imzalayıb, əsas hədəf və vəzifələri müəyyənləşdiriblər. Bu prosesin əsas oyunçuları əlbəttə ki, Honda və Nissan şirkətləridir, Mitsubishi memorandumun imzalanmasında iştirak etsə də, çox güman ki, bu prosesdə yedək rolunu oynayır, çünki onun səhmlərinin 34,01 faizi Nissan şirkətinə məxsusdur.
Honda və Nissan hələ keçən ilin yazında yaxınlaşmağa başlayıblar. Mart ayında onlar yeni nəsil elektromobil platformasının hazırlanmasında əməkdaşlıq edəcəklərini bildiriblər, avqusta isə, birgə vəzifələrin dairəsini genişləndirərək, layihəyə Mitsubishi şirkətini də daxil ediblər. Artıq söhbət ittifaqdan deyil, səhmlərin mübadiləsini ehtiva edən tamölçülü birləşmədən gedir. Yeni birgə müəssisə yaradılıcaq, Nissan və Honda şirkətləri bu müəssisənin çətiri altına keçəcəklər. Yeni BM 2026-cı ilində Tokyo birjasına çıxacaq və həmin zaman da Honda və Nissan şirkətləri oranı tərk edəcəklər.
Məlum məsələdir ki, bu layihənin ən məqsədi maliyə çətinlikləri ilə üzləşən Nissan şirkətini xilas etməkdir. Nissan şirkətinin acınacaqlı vəziyyətini keçən ilin üçüncü rübündə 85% azalan əməliyyat gəlirləri (keçən ilin müvafiq dövründəki 208 milyard yenə qarşı 32 milyarda qədər) aydın şəkildə nümayiş etdirir. Üstəlik, üçüncü rübdə 9,3 milyard yen məbləğində zərər qeydə alınıb. Ayaq üstündə möhkəm dayanan Honda xilaskar rolunda çxış edir və artıq onun birgə müəssisənin Direktorlar şurasında üstünlüyə malik olacağı bildirilib.
Məlum olduğu kimi, Renault Nissan şirkətinin səhmlərinin 35,7 faizinin sahibidir və bu heç də Honda rəhbərliyinin xoşuna gəlmir. Söhbət tam birləşmədən getdiyi üçün, Honda Nissan şirkətindən bu payı geri almaq imkanlarını nəzərdən keçirməsini xahiş edib. Xatırladaq, cari mübadilə məzənnəsi ilə bu səhmləri geri almaq üçün 3,6 milyard dollar tələb olunur.
Bunu istehsalçılar arasındakı şəxsi ədavət kimi qəbul etmək lazım deyil. Bloomberg agentliyinin məlumatına görə, Honda birləşmə prosesi davam edərkən fransızların payının naməlum üçüncü tərəfə satılmasından ehtiyat edir ki, bu da hər şeyi məhv edə bilər. Yaponların narahatçılıq üçün əsasları da var – şayiələrə görə, Foxconn şirkəti fransız istehsalçısının payının satın alınmasında maraqlıdır. Birləşmənin potensial olaraq dünyanın ən böyük avtomobil konqlomeratını yaradacağını nəzərə alsaq, Honda şirkətinin narahatçılığını anlamaq olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.