Honda şirkəti yeni, on birinci nəsil Accord sedanını təqdim edib. Sedanın yeni nəsli Pilot krossoverinin üslubunda görünüşə sahib olub. Üstəlik, yeni modelin mühərrik çeşidi ixtisara məruz qalıb. Mühərrik çeşidindən 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 2,0-litrlik dördsilindrli turbomühərrik çıxarılıb. İndi Accord sedanı ya 1,5-litrlik turbomühərriki, ya da 2,0-litrlik benzin mühərrikinə əsaslanan yeni hibrid güc qurğusu ilə təklif edilir.
On birinci nəsil Honda Accord modeli yeni Pilot modeli ilə eyni üslubda dizayna malikdir. İndi radiator barmaqlığı şaquli şəkildə yerləşdirilib, ön və arxa fənərlər qara rəngli içliyə malikdirlər. Maraqlı bir detal: kuzovun damı və yan tərəfləri lazer lehimlənməsi metodu ilə birləşdirilir, buna görə də, bu yerlərdə artıq görünüşü "ağırlaşdıran" moldinqlərə ehtiyac yoxdur.
Yeni Accord sələfindən 79 millimetr uzundur, onun arxa təkər izi isə, 10 millimetr genişdir. İnteryer tərtibatında istifadə edilən materialların keyfiyyətli yüksəldilib. Ön tərəfdə təkmilləşdirilmiş yan dəstəyi olan yeni oturacaqlar quraşdırılıb, nazik ön kuzov dayaqları isə müşahidə qabiliyyətinə müsbət təsir göstəriblər.
Sedanın standart təchizatına 10,2-düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 7,0-düymlük displeyi, 10 təhlükəsizlik yastığı, habelə yeni geniş bucaqlı kamerası və radarı olan Honda Sensing kompeksi daxildir. Daha bahalı versiyalarda 15 vatlıq simsiz doldurma meydançası, qızdırılan arxa oturacaqlar və Bose səs sistemi var.
Yeni Accord sedanın kuzovu daha sərt olub, asqı və sükan idarəetməsində dəyişikliklər edilib. Bu arada, yeni sedanın mühərrik çeşidi Honda CR-V krossoveri ilə eynidir. İlkin LX və EX versiyaları gücləndirilmiş dirsəkli valı və təkmilləşdirilmiş püskürtməsi olan 1,5-litrlik turbomühərriklə təchiz edilirlər. Dördsilindrli aqreqatın hasilatı 195 at gücü və 260 Nm fırlanma anı təşkil edir. Transmissiya – tam basılmış qaz ilə fiziki ötürmələrin dəyişməsini imitasiya edən modernləşdirilmiş variatordur.
Sport, EX-L, Sport-L və Touring variantları dördüncü nəsil hibrid sistemini alacaqlar. Qurğunun tərkibinə Atkinson dövrü ilə işləyən 2,0-litrlik dordsilindrli benzin mühərriki və bir-birinə paralel quraşdırılmış elektrik mühərriki cütlüy daxildir.
Hibrid güc qurğusunun ümumi hasilatı 207 at qüvvəsi və 335 Nm fırlanma anı təşkil edir, lakin bu göstərici əvvəlki nəsil Accord sedanının təchiz edildiyi 2,0-litrlik (256 at qüvvəsi, 370 Nm) “turbodördlüyün” hasilatından çox azdır.
Yeni Honda Accord sedanları əvvəlki kimi Ohayo ştatındakı zavodda istehsal olunacaqlar. Müəssisə 1982-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində onun konveyerindən 12,5 milyon avtomobil çıxıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.