Honda şirkəti Pilot krossoverinin beş nəfərlik salonu olan qısaldılmış variantını hazırlamaq niyyətindədir. WardsAuto nəşrinin əldə etdiyi məlumata görə yeni model gələn il işıq üzü görməlidir.
Hazırda Honda Pilot modeli yalnız yeddi yerlik salonla təklif edilir. Buna baxmayaraq, iki cərgəyə malik olan modelin buraxılacağı haqqında heç bir rəsmi məlumat verilməmişdir. Əgər xəbər təsdiqini taparsa, beş yerlik Pilot yapon istehsalçısının model xəttində CR-V krossoverindən bir pillə yuxarıda qərarlaşacaqdır.
Qeyri-rəsmi məlumatlara əsasən, yeni modifikasiyanın istehsalına gələn ilin payızında Honda şirkətinin Alabamadakı zavodunda start veriləcəkdir. Çox güman ki, yeni modifikasiya yeddi yerlik Pilot modelindən ucuz olacaqdır. ABŞ-da Pilot modeli 30 min dollardan başlayan qiymətlərlə satılır. Honda CR-V modelinin qiymətləri isə 24 min dollardan başlayır.
Honda Pilot modeli 280 at qüvvəli 3,5-litrlik V6 mühərriki və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Böyük ehtimalla, beş yerlik model doqquz pilləli «avtomata» sahib olacaqdır. Yeddi yerlik model standart olaraq öndən çəkişli olaraq təklif edilir. Tam çəkiş sistemini əlavə ödənişlə əldə etmək mümkündür.