Yayın ortasında yeni Honda Civic Type R “qaynar” hetçbekini təqdim edən yaponlar onun barədə ən maraqlı məlumatı - texniki göstəriciləri gizli saxlamışdılar. İndi isə, “qaynar” hetçbek Yaponiya bazarına çıxdıqdan sonra, Honda əksər göstəriciləri açıqlayıb.
Texniki baxımdan, yeni Civic Type R hetçbeki əvvəlki, 2017-ci ildə buraxılmış modelin təkamülüdür. Kapotun altında əvvəlki 2,0-litrlik K20C turbomühərriki yerləşir, yalnız onun turbokompressoru və buraxılış sistemi dəyişdirilib. Yeni turbin çarxının ölçüsü, profili və qanadcıqlarının sayı fərqlidir, buraxılış kanalında isə, aktiv çəpərcik peyda olub.
Turbomühərrikin maksimal gücü 320-dən 330 at qüvvəsinə qədər artırılıb və maksimal güc əvvəlki kimi, 6500 dövr/dəqiqədə əldə edilir. Maksimal fırlanma anı da 400-dən 420 Nm-ə qədər artırılıb, lakin o, artıq 2600-4000 dövr/dəqiqədə əlçatandır - halbuki əvvəllər maksimal fırlanma anı 2500-4500 dövr/dəqiqədə əlçatan idi. Yeri gəlmişkən, radiatorun soyudulmasını yaxşılaşdırmaq üçün ön hava girişinin sahəsi 48% artırılıb. Bu, eyni zamanda, ön əyləclərin soyudulmasının səmərəliliyini artırmağa imkan verib.
Altı pilləli mexaniki ötürmələr qutusu əvvəlkidır, lakin o 18% daha yüngül nazim çarxa və pillələri dəyişdirərkən dirsəkli valın sürətini tənzimləyən elektron sistemin (gerçəkləri azaltmaq üçün) yeni proqram təminatına sahib olub. Ön ötürmə sistemi əvvəlki kimi özükilidləyən diferensiala malikdir.
Şassi də yalnız nöqtəvari dəyişikliklərinə məruz qalıb. Civic Type R ayrıca dönən oynağı olan ön McPherson dayağına və çoxqollu arxa asqıya malikdir. Adaptiv asqının sərtliyi artırılıb, 20-düymlük təkər diskləri daha yüngül olan 19-düymlük təkər diskləri ilə əvəz olunub, Michelin Pilot Sport 4S şinləri isə, 20 millimetr (265 millimetr) genişləndirilib. Ön təkər izi 25 millimetr, arxa isə, 12,7 millimetr artırılıb. Ön oxdakı dördporşenli Brembo əyləc mexanizmləri qorunub saxlanılıblar.
Yeni Civic Type R daha güclü olmaqla yanaşı, həm də nəzərəçarpacaq dərəcədə ağırlaşıb: hetçbekin boş çəkisi 1380 kiloqramdan 1430 kiloqrama qədər artıb.
Lakin hot-hetçin dinamik xüsusiyyətləri hələ də açıqlanmayıb. Əvvəlki “qaynar” hetçbek 100 km/saat həddini 5,7 saniyəyə yığır və 272 km/saata sürətlənirdi. Yeni model çətin ki, bu göstəriciləri təkmilləşdirsin.
Bununla belə, yeni Civic Type R trekdə bir qədər yeyin olub: bunu apreldə keçirilən sınaq testləri çərçivəsində Suzuka yarış trekində qeydə alınan dövrə zamanı sübut edir. Yeni “qaynar” hetçbek 5,8 kilometrlik dövrəni 2 dəqiqə 23,120 saniyəyə başa vurub. Müqayisə üçün, Limited Edition versiyasında olan əvvəlki Type R modeli bu tapşırığı 2 dəqiqə 23,993 saniyəyə yerinə yetirmişdi. Bu, önötürməli avtomobillər üçün yeni rekorddur.
Yaponiyada yeni Honda Civic Type R modelini 5 milyon yendən (36 min dollar) başlayan qiymətlə sifariş etmək olar. Amerikada satışların başlanması payızın sonlarına, Avropada isə, 2023-cü ilin əvvəlinə planlaşdırıldığı üçün yerli qiymətlər hələ açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.