Honda şirkəti e elektrokarı barədə məlumatı tədricən açıqlamağa davam edir. Artıq Honda bu modelin ənənəvi güzgülər əvəzinə kameralara malik olacağını və sıfırdan hazırlanmış platformada inşa edildiyini bildirib.
O da məlumdur ki, Honda e salon döşəməsinin altında yerləşən 35,5 kilovat-saatlıq maye ilə soyudulan litium-ion batareyası ilə təchiz edilir. Bu gün isə, Honda bu batareyadan qidalanan elektromotor barədə məlumat verib. Honda e modelinin elektrik mühərriki 150 at qüvvəsinə və 300 Nm fırlanma anına malik olacaqdır. “Autocar” nəşrinin əldə etdiyi məlumata əsasən, elektrokar 60 mil/saat (97 km/saat) həddini səkkiz saniyədən az müddətə toplayacaqdır.
Honda e modeli dolu batareya ilə 200 kilometr qət edə bilər. Batareyanın 80%-nin “yeyin” terminaldan doldurulmasına 30 dəqiqə kifayət etməlidir. Avtomobilin terminala qoşulması üçün gərək olan girişlər onun ön hissəsindədir. İnventorlar və bütün idarəetmə elektronikası isə kapotun altında yerləşdirilib. Daha bir maraqlı funksiya, yeganə pedal ilə sürətlənməyə və yavaşlamağa imkan yaradan Single Pedal Control sistemidir.
Honda mühəndisləri avtomobilin çəkinin oxlar arasında bölünməsinin ideal nisbətinə (50:50) malik olacağını bildiriblər. Aşağı ağırlıq mərkəzi və şassinin idman tənzimlənmələri sayəsində elektromobil çox maraqlı olmalıdır. Honda e modelinin sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilir. Elektromobillərin istehsalına ilin sonunda Yaponiyadakı zavodda başlanacaqdır. Honda e modelinin Avropadakı satışlarına isə gələn ilin birinci rübündə start veriləcəkdir. İlkin məlumata görə, artıq Honda elektromobilə 31 min sifariş toplayıb.