Hazırkı Honda Passport krossoveri Pilot modelinin qısaldılmış versiyasıdır və üçcərgəli salon əvəzinə, ikicərgəli salonla təklif olunur. Passport krrossovei Amerikada üç il əvvəl debüt edib, amma ona bəslənilən ümidləri doğrultmayıb. Pilot keçən il ABŞ-da 124 min nüsxədə satılsa da, Passport cəmi 40 min ədədlik göstərəcəi ilə kifayətlənməli olub. Indi isə, krossover plan üzrə yenilənmədən keçib.
Formal olaraq yenilənmələrin siyahısı olduqca genişdir, çünki yenilənmiş elementlərin arasında təkcə bamper və radiator barmaqlığı deyil, həm də ön qanadlar və daha yüksək ön kənarı olan kapot da var. Əslində bütün bu elementlər (barmaqlıq istisna olmaqla) Honda Ridgeline pikapından götürülüb! Belə sadə yerdəyişmə Passport modelini həqiqətən də daha sanballı görünüşlə təmin edib.
Arxa bamper də yenidir və buraxılış sisteminin çıxış boruları da böyüyüb. Əvvəllər bütün versiyalarda standart olaraq 20-düymlük təkər diskləri quraşdırılsa da, indi krossoverin baza versiyası 18-düymlük disklərlə təklif edilir.
Salonda yalnız dekorativ tikiş dəyişdirilib, avadanlıq siyahısına isə, arxa cərgədəki taxılmamış təhlükəsizlik kəmərləri və “unudulmuş” sərnişinlər (məsələn, məsuliyyətsiz valideynlər uşağı bağlı avtomobildə qoymasınlar) barədə xəbərdarlıq edən sistemlər daxil edilib.
Təchizat səviyyələri dəsti sadələşdiriliblər: Sport və Touring səviyyələri çeşiddən çıxarılıb, yerdə qalan EX-L və Elite səviyyələrinə TrailSport “ofroud” versiyası əlavə edilib. Üstəlik, Passport belə bir təchizata sahib olan ilk modeldir və gələcəkdə Honda fərqli krossoverlərdən ibarət olan TrailSport seriyasını hazırlamaq niyyətindədir. Doğrudur, Subaru modellərinin Wilderness versiyası ilə müqayisədə Honda şirkətinin gedişi bir qədər solğun görünür.
Passport TrailSport (şəkillərdə göstərilən) versiyası standart krossoverdən radiator barmaqlığı, bamperlərdəki qoruyucu örtükləri, 10 millimetr genişləndirilmiş təkər izi və 245/60 R18 şinləri taxılmış orijinal diskləri ilə fərqlənir. Salon tərtibatında narıncı dekor tətbiq edilib. Bütün təkmilləşdirmələr bunlardan ibarət olsa da, Honda sonradan gücləndirilmiş asqı və ofroud təkərlərinin quraşdırılacağını vəd edib.
Əlavə ödəniş qarşılığında, Ridgeline pikapında olduğu kimi HPD (Honda Performance Development) paketi də təklif olunur. Paketin tərkibinə təkər tağlarının plastikdən genişləndiriciləri, digər təkərlər, radiator barmaqlığının xüsusi naxışı və kuzova vurulan xarakterik etiketlər daxildir. Ancaq bu paketlə belə, 206 millimetrlik standart klirens dəyişilməz olaraq qalacaqdır.
Honda Passport, əvvəlki kimi, yalnız 284 at qüvvəli 3,5-litrlik V6 atmosfer mühərriki və doqquz pilləli “avtomat” ilə təklif olunur. Baza EX-L versiyası ön və ya tam ötürməli ola bilər, qalan versiyalar isə alternaivsiz olaraq tam ötürməlidirlər: bu, arxa təkərlərin fərdi qoşma muftaları olan firma i-VTM4 sistemidir. Yenilənmiş krossoverlərin satışları qışda başlanmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.