Honda şirkəti “bərkgedən” Acura Type S modelinin kapotunun altında yerləşən yeni 3,0-litrlik V6 turbomühərrikinin xüsusiyyətlərini açıqlayıb. Güc qurğusu 360 at qüvvəsi və 480 Nm fırlanma anına malik olacaq və 2021-ci ildə ikinci nəsil Acura TLX Type S idman sedanında debüt edəcəkdir.
Bununla belə, Honda şirkəti Acura TLX Type S modelinin yalnız prototip şəklində hazır olduğunu qeyd edərək, yeni altısilindrli mühərrikin xüsusiyyətlərinin ilkin xarakter daşıdığını açıqlayıb. “Bərkgedən” Acura TLX Type S modelinin seriyaöncəsi prototiplərindən biri, avqust ayında ABŞ-ın Kolorado ştatında keçirilən Payks Pik zirvəsinə qalxma üzrə yarışda iştirak edəcəkdir. Acura TLX Type S modeli bu yarışın təhlükəsizlik avtomobili olacaqdır.
Bununla yanaşı, Acura TLX modeli bu tədbirdə təkcə təhlükəsizlik avtomobili kimi çıxış etməyəcəkdir: 2,0-litrlik turbomühərrik ilə təchiz edilmiş iki TLX sedanı öz sinfində yarışacaqdır. Avtomobilləri Acura şirkətinin sınaqçı-mühəndisləri idarə edəcəkdirlər. Beləliklə, Yaponiya şirkəti perspektivli texnologiyaları “döyüş” şəraitində sınaqdan keçirə biləcəkdir. Üstəlik, yarışlar yeni modeli reklam etməyin ən yaxşı üsuludur.
Acura TLX modelinin ABŞ-dakı satışlarına payızda başlanacağı gözlənilir. “Bərkgedən” Type S versiyaları isə diler salonlarında 2021-ci ilin yazında peyda olacaqdırlar. Yaxın gələcəkdə yapon markasının idman sedanları haqqında daha ətraflı məlumat verəcəyi gözlənilir. Hələlik isə, Acura TLX Type S modelinin dinamik xüsusiyyətləri, eləcə də təchizat səviyyələri və qiymətləri sirr olaraq qalır.