Sony Group Corporation və Honda Motor Co şirkətləri elektrik avtomobillərinin yaradılması və satışı, habelə karşərinq kimi yeni mobillik xidmətlərinin inkişafı sahəsində strateji ittifaq yaratmaq üçün Anlaşma Memorandumu imzalayıb. Honda avtomobillərin inkişafı, istehsalı və satışdan sonrakı xidmətlərinə birbaşa cavabdehlik daşıyacaq, Sony isə bort elektronikası və müxtəlif xidmətlərin qayğısına qalacaqdır. Yeni alyansın bu ilin sonuna qədər yaradılacağı gözlənilir.
Sony şirkətinin arsenalında artıq iki elektromobil var, lakin onların hər ikisi hələ də konsept statusundadır. Bunlar 2020-ci ildə debüt etmiş Vision-S 01 sedanı və CES-2022 istehlak elektronikası sərgisi çərçivəsində təqdim olunan yeddi nəfərlik Vision-S 02 krossoveridir.
Sony öz elektromobillərində Magna Steyr platformasından istifadə edir və onlar ikimühərrikli qurğu ilə hərəkətə gəlir - ön və arxa oxlarda hər biri 272 at qüvvəsi (200 kilovat) hasil edən elektrik mühərriki quraşdırılıb. Vision-S 01 modeli yerindən 100 km/saat həddinə sürətlənməyə 4,8 saniyə, Vision-S 02 isə təxminən beş saniyə sərf edir. Maksimal sürət elektronika tərəfindən 180 km/saat həddində məhdudlaşdırılıb.
Sony şirkətinin ilk seriya elektromobili 2025-ci ildə bazara çıxmalıdır. Modelin Vision-S 01 və ya Vision-S 02 konseptlərinin kommersiya təcəssümünün olacağı və yaxud şirkətin prinsipial olaraq yeni elektromobil hazırlayacağı barədə məlumat yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.