Honda şirkətinin model xəttini ixtisara salmaq planları məlum olub. Nikkei Asia nəşrinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, tələbatın minimal olduğu Odyssey miniveni, Clarity hibridi və Legend sedanı model xəttindən çıxarılacaqdır. Bu modellərin Yaponiyanın Sayama şəhərində yerləşən Honda zavodundakı istehsalına 2022-ci ilin martına qədər son veriləcək, müəssisənin özü isə bağlanacaqdır. Yapon markası artıq komponent tədarükçülərinə müvafiq xəbərdarlıqları göndərib.

Cari nəsil Honda Legend sedanı 2014-cü ildən bəri istehsal olunur. Bu ilin yazında Traffic Jam Pilot adlandırılan 3-cü səviyyəli avtopilot daxil olan təhlükəsizlik paketi ilə təchiz edilmiş Legend Hybrid EX modeli işıq üzü görüb. Eyni zamanda, 100 nüsxəlik tirajla buraxılacaq Legend Hybrid EX modelini yalnız icarəyə götürmək mümkündür. Honda Legend modelinin bazardan çıxarılmasına baxmayaraq, avtopilot yapon markasının digər modellərində quraşdırılacaqdır.

Honda Clarity sedanına gəldikdə isə, ilk dəfə 2015-ci ildə debüt edən sedan üç versiyada buraxılır: hibrid, elektrik və hidrogen. Batareya versiyasının istehsalı keçən il dayandırılıb, hidrogen versiyasını isə hələlik icarəyə götürmək olar. Bir il ərzində Honda Clarity hibridinin buraxılmasından da imtina edəcəkdir.

Cari nəsil Honda Odyssey modeli 2013-cü ildən bəri buraxılır və 2020-ci ildə planlaşdırılmış yenilənmədən keçib. Minivenin eksteryer dizaynı dəyişdirilib, eyni zamanda avtomobil texniki cəhətdən daha müasir olub: miniven yan qapıların təmassız açılması funskiyasını, yeni sükan çarxını və müasir multimedia sistemini əldə edib. Odyssey modelinin mühərrik çeşidinə 145 at qüvvəli 2,0-litrlik və 175 at qüvvəli 2,4-litrlik benzin mühərrikləri daxildir. (c) Autograph.az