Honda və Hitachi şirkətləri avtomobillərin «ağıllı» açarlarına quraşdırılması mümkün olan alkotesterin işlənib-hazırlanması barədə məlumat vermişdirlər. Belə bir qurğu, sürücünün sərxoş olduğunu aşkar edərsə, mühərrikin işə salınmasını qadağan etməyə imkan yaradır. Tərəfdaşların verdiyi məlumata görə, bu qurğu «sındırılmaya» qarşı dayanıqlıdır və insan nəfəsini hər hansı bir buxarlanmadan və ya qazlardan seçmək iqtidarındadır.

Yapon mütəxəssisləri həmçinin, alkotesterin göstəricilərini avtomobilin cihazlar panelində əks etdirən funksiyanı da hazırlamışdırlar. Əgər alkoqolun səviyyəsi normadan artıq olarsa, o zaman sistem avtomatik olaraq mühərrikin alışdırmasını qapadaraq avtomobilin hərəkət etməsinin qarşısını alacaqdır. 

Yapon mütəxəssisləri qeyd edirlər ki, onların hazırladıqları alkotester avtomobildə quraşdırılan stasionar qurğulara nisbətən vacib üstünlüyə malikdir. Belə ki, sürücü avtomobilə oturmazdan əvvəl onu idarə etməyin qadağan edildiyi barədə məlumat alır, və bu onun sükan arxasına keçməsi həvəsinin qarşısını alır.

Honda və Hitachi cihazın sınaqlarını davam etdirməyi və sonradan onu digər istehsalçılara təklif etməyi planlaşdırırlar. Yeni alkotester haqqında geniş məlumat, onun 12 apreldə Detroytda keçiriləcək SAE World Congress sərgisindəki təqdimatı zamanı veriləcəkdir.