Honda şirkəti yeni konsept avtomobilini təqdim edəcəyini bildirib. Yeni konseptin əsasında, yapon markasının Çin bazarında satılacaq ilk elektomobili inşa ediləcəkdir. Xatırladaq ki, Honda e elektrik hetçbeki Çində təklif edilmir. Konsept avtomobilinin təqdimatı Pekin avtosalonunda baş tutacaqdır. Hələlik isə, şirkət minimalism üslubunda dizayna malik olan prototipin tizerini dərc edib.
Tizerdə sınıq formalı LED zolaqla birləşdirilmiş nazik ön fənərlərə malik olan avtomobil göstərilir. Radiator barmaqlığından məhrum edilmiş ön hissədə böyük üçölçülü Honda emblem yerləşir. Ön bamperin aşağı hissəsində isə LED duman işıqları yerləşdirilib.
Prototip çıxıntılı kapotu, kiçik gövdələri olan arxa görüntü güzgülərini və çoxsaylı milləri olan yüngül lehimli təkər disklərini alacaqdır. Tizer avtomobilin nisbətləri barədə mülahizə yürütməyə imkan vermir, ancaq prototipin kupe-kross olacağı gözlənilir.
Konsept avtomobili ilə birlikdə, Honda şirkəti, Pekin avtosalonunda, CR-V krossoverinin plaqin hibrid versiyasını da nümayiş etdirmək niyyətindədir. Honda CR-V PHEV krossoveri yapon markasının Çin bazarında belə bir qurğu ilə təklif edilən ilk modeli olacaqdır. Bundan əlavə, Honda şirkəti mövcud olan modellərin elektrikləşdirilmiş versiyalarını da sərgiyə gətirə bilər.
Xatırladaq ki, aprel ayında keçirilməsi planlaşdırılan Pekin avtosalonu koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Sərgi 26 sentyabr - 5 oktyabr 2020-ci il tarixində Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəkdir.