Çində Dongfeng Honda birgə müəssisəsi tərəfindən istehsal olunan Accord modelinin variantlarından birinin adı məhz belədir. Inspire modelinin texniki baxımından qohum sedandan fərqlənməyəcəyi artıq məlumdur. Onun mühərrik çeşidinə 1,5-litrlik “turbodördlük” və 2.0-litrlik atmosfer mühərrikinə əsaslanan e: PHEV hibrid güc qurğusu daxil olacaqdır.
Honda Accord e:PHEV
Honda Inspire və Accord sedanları əkiz qardaşdırlar. Onların hər ikisi də Çində təmsil olunurlar: Inspire modelini Dongfeng Honda, Accord modelini isə GAC-Honda birgə müəssisəsi istehsal edir. Sonuncu yerli bazarda satışa iki həftə bundan əvvəl çıxıb. İndi isə, yeni Honda Inspire debüt edib. Vizual olaraq, onlar radiator barmaqlıqları və işıqlar, eləcə də interyer tərtibatı ilə fərqlənirlər. Eyni zamanda, hər iki sedan virtual cihazlar paneli və genişformatlı ekranı olan Honda Connect 4.0 mediasistemi ilə təchiz edilir.
Hər iki sedanın texniki hissəsi də eynidir. Sedanların baza versiyaları 192 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin “turbodördlük” ilə təchiz olunurlar. Transmissiya - variatordur. Bundan əlavə, modifikasiya çeşidində e:PHEV plagin hibridləri də var. Onların güc qurğuları Atkinson dövrü ilə işləyən 2,0-litrlik (207 at qüvvəsi, 335 Nm) atmosfer mühərrikinə əsaslanır, 17,7 kilovat-saatlıq batareya isə, sırf elektrik ötürməsi ilə 82 kilometrə qədər yürüş ehtiyatını təmin edir.
Rəsmi şəkillərin dərc edilməsi və modelin Çin Sənaye Nazirliyinin məlumat bazasında peyda olması Honda Inspire modelinin tam ölçülü təqdimatının yaxın zamanlarda keçiriləcəyindən xəbər verir. Sedanın qiyməti hələlik açıqlanmayıb. Lakin, məsələn, Çində Honda Accord sedanının qiyməti 179 900 yuandan (43 min manat) başlayır, e:PHEV hibridinin qiyməti isə 225 800 yuandır (54 min manat).
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.