Dahi sənətkarımız Lütfəli Abdullayevin yaratdığı Zülümov obrazının təbirincə deyək,- bizə yanlış məlumat veriblər... Əvvəllər yeni ZR-V indeksinin Honda markasının ən yığcam krossoverinə veriləcəyi ehtimal olunsa da, carçısı keçən ilin payızında nümayiş etdirilmiş Honda SUV RS konsepti olan yığcam krossover seriyaya başqa adla gedəcəkdir. Çünki ZR-V indeksi tamamilə fərqli bir krossoverə qismət olub. Yeni Honda ZR-V modelinin təqdimatı Çində keçirilib.
Əslində yeni Honda ZR-V krossoveri amerikan Honda HR-V modelnin Çində satılacaq versiyasıdır. Qeyd etməliyik ki, avtomobil üzərindəki sirr pərdəsi tamamilə götürülməyib. Beləliklə, qarşıya bir sual çıxır - avtomobilin yaradılması zamanı bu iki bazardan hansına üstünlük verilib?
Mövcud şəkillərə əsasən, HR-V və ZR-V modelləri bir-birindən yalnız bəzi detalları ilə fərqlənirlər. Məsələn, Çin avtomobili başqa təkər disklərinə, böyük panoram dama və buraxılış sisteminin diqqəti cəlb etmək üçün quraşdırılmış çıxış borularına (yaxud onların imitasiyasına) malikdir.
Hələlik interyer şəkilləri dərc edilməyib, texniki məlumatlar isə çox azdır. Uzunluğu təxminən 4,5 metr olan krossover Honda Civic modelinin platformasında inşa edilib. Arxa tərəfdəki “240 Turbo” nişanı Honda ZR-V krossoverinin Civic modelindən tanış olan 1,5-litrlik turbomühərriklə (182 at qüvvəsi, 240 Nm) təchiz ediləcəyindən xəbər verir.
ZR-V krossoverləri GAC Honda müştərək müəssisəsi tərəfindən istehsal olunacaq, onların satışlarına isə, cari ilin ikinci yarısında başlanacaqdır. Amerikada Honda HR-V modeli bu yay bazara çıxmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.