Hongqi markası yeni G919 modeli ilə iri və brutal çərçivəli ofrouderlər seqmentinə daxil olub. Pekin avtosalonunda konsept kimi nümayiş etdirilən ofrouderin Çindəki seriya istehsalına başlanılıb.

G919 künclü kuzovu, dairəvi faraları, iri radiator barmaqlığı və arxa qapıda yerləşən ehtiyat təkəri ilə klassik ofrouderləri xatırladır. Modelin uzunluğu 5135, eni 2050, hündürlüyü isə 1950 millimetrdir. Standart klirens 210 millimetr təşkil edir, pnevmatik asqı ilə bu göstərici 270 millimetrə qədər artırıla bilir.

Salon beş nəfər üçün nəzərdə tutulub. Salonda multimedia sisteminin 17,3 düymlük ekranı, rəqəmsal cihazlar paneli, fiziki idarəetmə düymələri və arxa sərnişinlər üçün əyləncə ekranı var. Oturacaqların qızdırılması və havalandırılması, simsiz enerji doldurma sistemi, həmçinin soyudulub-qızdırılan bölmə də avadanlıqlar siyahısındadır.

Əsas diqqət isə G919-un texniki göstəricilərinə yönəlir. Avtomobilin hibrid güc qurğusunun tərkibinə 800 voltluq, 63 kilovat/saatlıq batareya, dörd elektromotor və 218 at gücündə 2,0 litrlik benzin mühərriki-generator daxildir. Hibrid qurğunun ümumi hasilatı 843 at gücü və 1320 Nm təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

3150 kiloqram çəkisi olan SUV 0-dan 100 km/saata 4,5 saniyəyə sürətlənir. Elektrik rejimində yürüş ehtiyatı 280 kilometrə, hibrid rejimdə isə 1350 kilometrə çatır.

Çində Hongqi G919-un qiyməti komplektasiyadan asılı olaraq 360–440 min yuan (təxminən 53,7–65,7 min dollar) təşkil edir. Modelin digər bazarlarda satış tarixi və qiyməti barədə əlavə məlumatın daha sonra açıqlanacağı gözlənilir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.