Hongqi markasının flaqman ofrouderi olan LS7 modelinin ilk qapalı nümayişi ötən ilin payızında baş tutmuşdu. Buna baxmayaraq, FAW konserni yalnız indi seriya avtomobilini canlı şəkildə təqdim edərək, onun texniki detallarını açıqlayıb. Bu ən böyük, ən prestijli və ən bahalı Çin ofrouderidir. Üstəlik, Hongqi LS7 modeli artıq istehsala tam hazırdır.
Çin avtomobili rama konstruksiyasına və həqiqətən də böyük ölçülərə malikdir. Hongqi LS7 ölçülərinə görə uzun təkər bazası olan amerikan ofrouderləri - Cadillac Escalade ESV, Lincoln Navigator L və ya Jeep Grand Wagoneer L ilə müqayisə edilə bilər. Onun uzunluğu - 5695 millimetr, eni - 2095 millimetr, hündürlüyü - 1985 millimetrdir. Təkər bazası da müvafiq genişliyə malikdir: 3309 millimetr. Digər parametrlər də diqqətə layiqdirlər: yanacaq çəninin həcmi 120 litr, boş çəki - 3100 kiloqram.
Şassi ikiqollu müstəqil ön asqıya, bütov arxa körpüyə malikdir. Baza təchizatına 22-düymlük təkər diskləri və pnevmatik asqı daxildir, lakin klirensin ölçüsü 246 millimetr bəyan edilib. Bütün işıq texnikası LED texnologiyaya əsaslanır. Hongqi (“Qırmızı Bayraq”) markasına məxsus olan elementlər – ön kapotdakı uzununa “pipik” və yan tərəflərdəki dalğalanan bayraqlar şəklindəki böyük emblemlər yerlərindədirlər. Əlavə ödəniş qarşılığında ikirəngli boyanma sxemini də sifariş etmək olar.
Kapotun altında birbaşa püskürtməli və turboüfürməli 4,0-litrlik V8 benzin mühərriki var. O, FAW tərəfindən Çin Mərkəzi Tədqiqat İnstitutu ilə birlikdə hazırlanıb. Güc aqreatının hasilatı 360 at qüvvəsi və 500 Nm fırlanma anıdır. Mühərrik səkkiz pilləli ZF "avtomatı" ilə tandemdə çalışır. Ötürmə - ön oxda qoşma muftası olan tam ötürmə sistemidir. Ofrouderin maksimal sürət i 200 km/saata çatır. Hongqi LS7 modeli 100 km/saat həddini 9,1 saniyəyə toplayır, pasport üzrə orta yanacaq sərfiyyatı isə WLTC dövrünə əsasən 100 kilometrə 16,4 litrdir.
Sonradan bu V8 mühərriki Hongqi markasının L seriyasının bütün modelləri üçün baza aqreqatı olacaq və V12 atmosfer mühərrikini əvəz edəcəkdir. Bu aqreqatın gücləndirilmiş versiyası 660 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edəcəkdir. Lakin Hongqi LS7 modelinin ikinci modifikasiyası hibrid olacaqdır.
Elan edildiyi kimi, modelin top versiyası dörd yerlik salona malikdir. Bütün oturacaqlar qızdırılma və havalandırma funksiyaları, habelə elektrik ötürməsi ilə təchiz olunurlar. Əlavə olaraq, arxa oturacaqlarda irəli çıxan ayaq dayaqları da var. Oturacaqların arasında soyuducu olan boks və bütün "rahatlıq" sistemlərinin idarəetmə paneli var. Təchizata arxa sərnişinlər üçün nəzərdə tutulmuş monitorlar da daxildir.
Lakin versiya çeşidində üçüncü oturacaq sırasına malik olan daha sadə təchizatlı versiya da var. Son sırada sadə "stullar" quarşdırılır və belə ofrouder ikinci sıranın fərqli bir quruluşuna malikdir: mərkəzi boks və monitorlar yoxdur, oturacaqlar ayaq dayaqlarından məhrum ediliblər, uzununa tənzimlənirlər və klimat-kontrolun paneli ön oturacaqların arasındakı konsolda yerləşir.
İstənilən halda, Hongqi LS7 modelinin interyeri əsl dəri və laklı ağac şponu ilə səxavətlə bəzədilir, qapılar və mərkəzi konsolda isə, qızılla örtülmüş tutacaqlar (əlavə ödənişlə) təklif olunur. Cihazlar paneli və media sistemin ekranları 12,3 düym diaqonala malikdirlər. İkiqollu sükan çarxı köhnə Hongqi modellərinin üslubunda dizayna malikdir, eyni zamanda,Çin avtomobil sənayesinin tendensiyalarına zidd olaraq, ön paneldəki analoq düymələri qorunub saxlanılıb.
FAW konserni artıq Hongqi LS7 modelinə sifarişləri qəbul edir, əmtəə avtomobillərinin satışına yayda başlanmalıdır, qiymətlər hələlik açıqlanmayıb. İlkin məlumata görə, dördyerlik top versiya üçün ən azı 100 min dollar tələb olunacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.