Hydrogen Motive Company (HMC) firması Hopium Machina adlı hidrogen premium sedanının salonunu nümayiş etdirib. O, Porsche Mission E konseptinin interyerinin müəllifi Feliks Qodar tərəfindən hazırlanıb. Konsepti toxunuşa cavab verən genişformatlı ekran, dörd “yarış” oturacağı və “süzən” mərkəzi konsolla təchiz ediblər. İnteryer tərtibatında isə yalnız Avropa xammalından hazırlanmış ən yaxşı materiallarından istifadə olunub.

Bir il əvvəl fransız pilotu Olivye Lombard tərəfindən qurulan HMC şirkəti hidrogen yanacaq elementləri ilə çalışan güc qurğusuna malik olan Hopium Machina lüks sedanının işlək prototipini təqdim edib. Avtomobil su üzərində bir-birindən ayrılan dairələri xatırladan qəribə formalı ön optikaya, iti siluetə və yan güzgülər əvəzinə kameralara sahib olub. Əvvəlcə avtomobilin yaradıcıları hidrogen sisteminin parametrlərini və interyeri gizli saxlayıblar. Artıq onların birinin - interyerin, - üzərindəki sırr pərdəsi götürülüb.

Machina modelinin interyer dizaynına vaxtı ilə Lucid Motors, Tesla və Porsche şirkətlərində işləmiş Feliks Qodar cavabdehdir. Misal üçün, o, Porsche Mission E elektrik superkarının interyerini hazırlayıb. Qodar sayəsində Hopium sedanı ön panelin demək olar ki, eni boyu uzanan displeyə, ikiqollu “vintaj” sükan çarxına və “süzən” mərkəzi konsolu alıb. Salon dörd nəfər üçün nəzərdə tutulub və sərnişinlərə inteqrasiya olunmuş baş dayaqları olan yarış kreslolarında oturmaq təklif edilir.

Hopium modelinin salonu üçün yalnız “şəffaf” mənşəli və yüksək keyfiyyətli materiallardan istifadə etmək vəd olunub. Ətraf mühitə zərərli təsirləri azaltmaq üçün, tərtibat materiallarının hazırlanmasında istifadə olunan xammal Avropa təchizatçılarından götürüləcəkdir. Bu, tədarük zəncirlərini qısaltmağa kömək edəcəkdir. Machina modeli Fransada yığılacaq, hidrogen sedanının əsas bazarları isə, Çin, Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, güc qurğusu və sedanın dinamikası haqqında hələ də məlumat azdır. Güc qurğusunun hasilatı - 500 at qüvvəsininin üzərində, planlaşdırılmış gediş ehtiyatı - 1000 kilometr, maksimal sürət - saatda 230 kilometr olacaqdır. Eyni zamanda, qaz şəklində olan hidrogenin saxlanılması sisteminin Fransanın Plastic Omnium şirkəti tərəfindən hazırlandığı da məlumdur. Balonlar karbon lif qabığı olan termoplastikdən hazırlanıb, yanacaq hüceyrələri bloku ön tərəfə quraşdırılıb, yığcam batareya isə arxa oxa daha yaxın yerləşdirilib. Məqsəd - çəkinin daha yaxşı paylanmasıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.