Çinin smartfon və telekommunikasiya avadanlıqları istehsalçısı olan Huawei şirkətinin avtomobil biznesinə qoşulmağa qərar verdiyi görünür. Keçən ay şirkət ilk avtomobilini təqdim edib – bu avtomobil tamamilə Huawei şirkətinin öz məhsulu olmasa da, indi Çin şirkətinin mövcud olan avtomobil markalarından birini satın almaq barədə danışıqlar apardığı bildirilir.

Reuters agentliyinin iki mənbəyi Huawei şirkətinin Çinin Chongqing Sokon sənaye qrupundan Chongqing Jinkang New Energy Automobile bölməsinin nəzarət paketini almaq istədiyini bildirib. Sonuncu şirkətin əsas aktivi əvvəllər SF Motors kimi tanınan Seres markasıdır.

Huawei şirkətinin aprel ayında Şanxay avtosalonunda öz məhsulu kimi təqdim etdiyi SF5 hibrid krossoverini də məhz Seres markası hazırlamışdı. Tesla şirkətinin qurucusu olan Martin Eberhardın qismən iştirakı ilə ortaya çıxan model, Huawei şirkətinin Çindəki qabaqcıl mağazalarında satılır.  Xatırladaq ki, Huawei SF5 krossoverinin tam ötürməli versiyasının minimal qiyməti 38 min dollardır.

Huawei nümayəndələri şirkətin avtomobil  istehsal etmək və ya hər hansı bir avtomobil istehsalçısını almaq planlarının olmadığını israrla bildirirlər. Chongqing Sokon qrupu isə, ümumiyyətlə bu barədə heç bir şərh verməsə də, insayderlər satış haqqında müqavilənin bu ilin iyul ayında bağlana biləcəyini iddia edirlər.

Analitiklər hesab edirlər ki, Huawei şirkətinin avtomobil biznesinə girməsinin əsas səbəbi, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra telefon satışlarının azalmasıdır. Bu yolla çinlilər məruz qaldıqları itkiləri kompensasiya etmək istəyirlər. Bundan əvvəl, Huawei şirkəti üç yerli avtomobil markasına öz əməliyyat sistemini çatdırmaq niyyətində olduğunu elan etmişdi və bundan sonra özünün avtomobil istehsalının təşkil olunması növbəti məntiqi addım sayıla bilər.