Yayın ortalarında Huawei və SAIC şirkətləri HIMA (Harmony Intelligent Mobility Alliance) konsorsiumunda beşinci brend olan Shangjie birgə brendinin yaradılmasını elan ediblər. Eyni zamanda, əməkdaşlığın ilk bəhrəsi olan Shangjie H5 krossoveri nümayiş etdirilib. İndi isə, bu model rəsmi olaraq debüt edib və Çin bazarında satışa çıxarılıb.

HIMA konsorsiumunun iyerarxiyasında Shangjie brendi ən aşağı pillədə qərarlaşıb, çünki nisbətən sadə modellər üçün nəzərdə tutulub. İlk model hər mənada sadə alınıb. Hətta modelin dizaynı heç bir təəccüblü xüsusiyyətlərə malik deyil.

Onun premium deyil, kütləvi seqmentinə aid olmasına (əlbəttə ki, Çin standartlarına görə) təbii tutuşlu adi qapı tutacaqları dəlalət edir. Seçmək üçün altı kuzov rəngi var. Krossoverin uzunluğu 4780 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə, 1664 millimetrdir. Təkər bazasının ölçüsü 2840 millimetrdir. Təkər disklərinin diametri 19 və ya 20 düymdür.

Shangjie H5 modelinin interyeri ilk dəfə nümayiş etdirilir, lakin onun dizaynında qeyri-adilik yoxdur. Sürücünün qarşısında cihazlar panelinin 10,25 düymlük displeyi, mərkəzdə isə, Huawei Harmony OS qabığı olan mediasisteminin 15,6-düymlük planşeti var.

Mediasistemi İT nəhənginin bir çox özəl texnologiyalarına, o cümlədən avtomobili dərhal “fərdiləşdirməyə” imkan verən vahid hesaba malikdir. Mərkəzi tuneldə 50 vatt gücündə simsiz Huawei Super Charge şarj cihazı var. Əlbəttə ki, lidarı ön şüşənin üstündə quraşdırılmış ən son Huawei ADS 4.0 avtopilotu da mövcuddur. Məlum məsələdir ki, kameralar və radarlar da var, lakin onların sayı konfiqurasiyadan asılı olaraq dəyişir.

Beşyerlik krossover interyer dörd rəng tərtibatı variantında təklif olunur və genişləndirilmiş kontur işıqlandırması ilə təchiz edilir. Ön panelin üstündə audio sisteminin səsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş əlavə dinamik var.

Baqajın standart həcmi 601 litr, arxa sıranın qatlanmış halında isə, 1837 litrə çatır. Elektrik versiyalarında 124 litrlik ön baqaj var, üstəlik, onun qapağı servo ötürməyə malikdir.

Əsas üstünlük plagin hibridlərə verilir. Bu halda, Shangjie H5 modeli 32,6 kilovat/saatlıq litium-dəmir-fosfat batareyasını doldurmaq üçün generator rejimində işləyən 1,5-litrlik atmosfer (98 at qüvvəsi) mühərrikinə malikdir.

Dolu batareya 235 kilometrlik (CLTC dövrü) gediş üçün kifayət etməlidir, maksimum yürüş ehtiyatı isə, 1360 kilometrdir. Təkərlər ön oxdakı 204 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlirlər. Güc qurğusu iki tonluq krossoveri 180 km/saata qədər sürətləndirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni mühərrik 64,6 kilovat/saatlıq batareyası olan baza elektromobillərində quraşdırılır. Belə batareya 535 kilometrə qədər gediş məsafəsini təmin edir. Çeşidin zirvəsində 245 at qüvvəli elektrik mühərriki və 80 kilovat/saatlıq NMC batareyası olan elektrik versiyası yerləşir. Bu halda pasport üzrə gediş ehtiyatı 655 kilometrdir. Elektrik versiyalarının maksimal sürəti eynidir: 200 km/saat. Çeşiddə tam ötürməli variantlar yoxdur.

Shangjie H5 krossoverlərinin satışına sentyabrın 23-də start veriləcək, lakin artıq sifarişlər qəbul olunur. Modelin qiyməti 170 - 210 min yuan (24-29 min dollar) arasında dəyişir. Bu bütün HIMA konsorsiumunun ən əlçatan avtomobilidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.