Huawei İT nəhəngi artıq Çin avtomobil istehsalçıları və HIMA (Harmony Intelligent Mobility Alliance) konsorsiumunun üzvləri ilə tərəfdaşlıq çərçivəsində bir neçə brend yaradıb. Aito brendi Seres ilə birgə təsis edilib, Luxeed markası Chery ilə birlikdə yaradılıb, Maextro brendinin yaradılmasına JAC kömək edib, BAIC konserni Stelato brendində tərəfdaşdır, GAC isə, Qijing brendi üzərində işləyir.
Ötən ilin ortalarında Huawei SAIC ilə birgə yaratdığı Shangjie markasının təsis olunduğunu elan edib ki, yeni markanın da ilki Shangjie H5 krossoveri olub. İndi isə, Shangjie Z7 sedanı və Shangjie Z7T universalı debüt etməyə hazırlaşır.
Yeni modellərin dizaynı nəcabətli alman elektrtomobilləri ilə assosiasiyalar yaradır. Sedan və universal hamar xətlərə, çıxıntılı formalara, maili dam və arxa hissədəki monofənərə malikdir.
Ön bamperin hava girişində aktiv jalüziləri ilə təchiz olunub, qanadlarda hava axınını optimallaşdırmaq üçün havalandırma dəlikləri quraşdırılıb, damda isə, Huawei brendinin xüsusi avtopilot sisteminin tərkibinə daxil olan lidar mövcuddur. Doqquz kuzov rəngi təklif ediləcək. Shangjie Z7 və Shangjie Z7T modellərinin ölçüləri hələlik açıqlanmayıb.
Salonda alt tərəfi “kəsilmiş” üçqollu sükan çarxı var. Ön paneldəki məlumat-əyləncə sisteminin mərkəzi ekranı irəli çxır, sola və ya sağa əyilir, sağ sərnişinin qarşısında isə, müxtəlif suvenirlərin saxlanması üçün rəf var. Proyeksiya ekranı da vəd edilib.
Texniki detallar hələlik açıqlanmayıb. İlkin məlumatlara görə, Shangjie Z7 sedanı və Z7T universalı əvvəlcə sırf elektrokarlar kimi satışa çıxarılacaq, baxmayaraq ki, yuxarıda adı çəkilən Shangjie H5 krossoverinin hibrid versiyası da var.
Avtomobillərin pnevmatik asqıya (ön tərəfdə ikiqollu və arxada beşqollu), yüksək tutumlu batareyaya, dartma vektoruna nəzarət sisteminə və bir çox digər funksiyalara malik olacağı gözlənilir.
Shangjie Z7 sedanının və Z7T universalının tamölçülü debütü mart ayının sonunda baş tutmalıdır və modellərin qiyməti 250.000 ilə 350.000 yuan (36.000 - 51.000 ABŞ dolları) arasında olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









