Tesla markasının dörd modeli S3XY ailəsini təşkil edir, HiPhi markası altında elektromobilləri istehsal edən Çinin Human Horizons şirkəti isə artıq XYZ çeşidinə malikdir. İri ölçülü HiPhi X krossoveri bazara ilk dəfə 2021-ci ildə çıxıb, keçən ilin yayında isə, ona qeyri-adi HiPhi Z sedanı qoşulub. Artıq üçüncü model hazırdır – bu, HiPhi Y krossoveridir.O, konsept avtomobil kimi, Şanxayda keçirilmiş avtosalonda debüt edib və yalnız indi onun üzərindəki sirr pərdəsi tamamilə götürülüb.
HiPhi Y bu markanın çeşidindəki ən sərfəli modeldir: krossoverin qiyməti 369 000 yuandan (52 000 dollar) başlayır. Planlaşdırıldığı kimi, o, həm də şirkətin ən çox satılan avtomobili olmalıdır. Geniş auditoriyanı cəlb etmək üçün tərtibatçılar epatajlıq dərəcəsini azaldaraq, krossoveri daha ənənəvi hala salıblar – bu, X və Z modellərini fərqləndirən balanslaşdırılmamış nisbətlər olmadan həyata keçirilib. Hətta “aşağı salınmiş” pəncərə xətti qapılardakı seçilən ştamplamalarla təqlid edilir.
Bununla belə, bəzi avanqard həllər qorunub saxlanılıb. Məsələn, çərçivəsiz arxa qapılarla yanaşı, damın bölmələri də açılır. Bütün qapılarda servoötürmələr var və onlar adi tutacaqlardan məhrumdurlar: qapını açmaq üçün sadəcə bir düyməni basmaq kifayətdir. Lakin X və Z modellərinin arxa qapıları hərəkətin əksi istiqamətinə açılırsa, HiPhi Y krossoverində onları ənənəvi şəkildə quraşdırıblar. LED fənərlərin altında istənilən qrafikanı göstərə bilən matrisalı işıq panelləri var.
Human Horizons üçün yeni krossover orta ölçülü və kifayət qədər təvazökar sayılır, lakin əslində o, Porsche Cayenne və ya BMW X5 kimi avtomobillərin sinif yoldaşıdır: Y modelinin uzunluğu 4938, eni – 1958, hündürlüyü isə 1658 millimetrdir. Krossover 2950 millimetrlik təkər bazasına və 20 düymlük təkər disklərinə malikdir. Aerodinamik müqavimət əmsalı Cx 0,24-dür.
Salon beş sərnişin üçün nəzərdə tutulub, arxa sərnişinlərin ixtiyarına qatlanan masalar verilib. Ön paneldə 12,3 düymlük cihazlar paneli, 17 düymlük mərkəzi “planşet” və sərnişinin qarşısında 15 düymlük displey yerləşir. Üstəlik, proyeksiya ekranı da var. Arsenalında damda yerləşən və uzaqvuran (250 metrə qədər) frontal lidarı olan üçüncü səviyyəli HiPhi Pilot avtopilotu da var.
Şassi, şirkətin digər iki modeli ilə eynidir: öndə qoşa köndələn qolları olan asma, arxada isə çoxqollu asma quraşdırılıb. Adaptiv pnevmatik asma standart təchizata daxildir, əlavə ödəniş müqabilində isə idarələnən arxa təkərlər təklif olunur. Seçmək üçün üç modifikasiya var. Baza versiyası arxa ötürməyə (indiyə qədər bütün HiPhi modelləri tamötürməli idi ), 336 at qüvvəli bir elektrik mühərrikinə və 76,6 kilovat/saatlıq dartma batareyasına malikdir. Pasport yürüş məsafəsi - CLTC dövrü üzrə 560 kilometrdir.
İkinci modifikasiya yalnız daha böyük 115 kilovat/saatlıq batareyası ilə fərqlənir - dolu batareya ilə bəyan edilmiş yürüş məsafəsi 810 kilometrə çatır. Top versiyada əlavə olaraq, 169 at qüvvəli ön elektrik mühərriki quraşdırılır - yəni, sistemin ümumi gücü 505 at qüvvəsidir. Çəkisi 2430 kiloqram olan tamötürməli krossover 100 km/saat həddini 4,7 saniyəyə yığır və dolu batareya ilə 765 kilometr qət edə bilər (əlbəttə ki, optimist CLTC dövrünə əsasən). Maksimal sürət həddi hər üç versiya üçün eynidir: 190 km/saat.
Çində HiPhi Y krossoverlərinin satışı bir aydan sonra - iyulun ortalarında başlayacaqdır. Sonra isə ixrac bazarlarının fəthi nəzərdə tutulub. Yaxın aylarda HiPhi Y Yaponiyada satışa çıxamlıdır, çünki Human Horizons şirkətinin burada elmi-tədqiqat mərkəzi və dizayn studiyası var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.