Bu gün Hunqaroqinqdə keçirilən ilk təsnifat mərhələsində poul pozişnın sahibi Audi komandasının alman pilotu Rene Rast olmuşdur. Sıralama turlarının bitməsinə iki dəqiqə qalmış alman pilot 1.34.742 zamana imza ataraq birinci yarışda pouldan yarışı başlamaq hüququnu əldə etmişdir.

Sərbəst yürüşlərdə də olduğu kimi təsnifat sessiyası da Audi pilotlarının hegemonluğu ilə keçmişdir. İnqolştat təmsilçiləri Münhündən və Ştutqartdan olan rəqiblərinə poul uğrunda mübarizə aparmaq üçün şans verməmişdirlər. Təsnifat mərhələsinin sonunda ilk beşlik tamamilə Audi pilotlarından ibarət olmuşdur. 

Bü gün Rene Rastla birlikdə ilk cərgədən start alacaq pilot Ceymi Qrin olmuşdur. İkinci cərgədən yarışı Mattias Ekstrem və Niko Müller başlayacaqdırlar. Üçüncü cərgədə Mayk Rokenfeller və BMW komandasının pilotu Auqusto Farfus yerləşmişdirlər. Dördüncü cərgə Loik Dyuval (Audi) və Mercedes pilotları arasında ən yeyin pilot olan Lukas Auerindir.

Beşinci cərgədən yarışı başlayacaq pilotlar isə, Qəri Paffett (Mercedes-Benz) və Tom Blomkvist (BMW) olacaqdırlar. Görünən odur ki, İnqolştat ekspressi Hunqarorinqdə böyük üstünlüyə malikdir və sıralamalarda olduğu kimi, yarışda da qələbənin taleyini Audi pilotları təyin edəcəkdirlər. Hunqarorinqdə keçiriləcək ilk yarış Bakı vaxtı ilə 16-30 başlayacaqdır.

Sizləri bu maraqlı yarışı izləməyə dəvət edirik.