Bu gün Budapeşt yaxığınlığındakı Hunqarorinq trekində keçirilmiş ikinci yarış Audi komandasının dublu ilə nəticələnmişdir. Audi Team Rosberg komandasının alman pilotu Rene Rast DTM çempionatındakı ilk qələbəsini qazanmışdır.
Podiumun ikinci pilləsinə İnqolştat istehsalçısının təcrübəli pilotu Mattias Ekstrem qalxmışdır.
Nəhayət podiumun son pilləsinə BMW Team RBM komandasının belçukalı pilotu Maksim Marten çıxmışdır. Hunqarorinqdə keçirilmiş ikinci yarış şənbə günü keçirilən yarışdan daha maraqlı olmuşdur. Startda Rene Rast liderliyini qoruyaraq ilk döngəyə əla start almış Niko Müllerin önündə girmişdir. Digər Audi pilotu Ceymi Qrin də yarışı yaxşı başlamışdır.
O, Mercedes pilotu Lukas Auerin hücumuna davam gətirərək Ekstremin ardınca beşinci olmuşdur.

Ümumiyyətlə, yarışın ilk 10 dəqiqəsi gərgin mübarizə şəraitində keçmişdir. Ceymi Qrin Vittmannı sıxışdıraraq onu keçməyə cəhd etsə də, buna müvəffəq ola bilməmişdir. Pitdən start alan Rokenfeller (Audi) və Maksim Marten ilk dövrədə pit-stopa yollanan yeganə pilotlar olmuşdurlar. Erkən pit-stop sayəsində son cərgədən start alan Marten üçüncü, Rokenfeller isə onuncu yerdə finiş görmüşdürlər.
Üçüncü dövrədə pit-stopa yollanan Ekstrem də erkən pit-stop sayəsində liderliyə yüksəlmişdir. Pilotların əksər hissəsi erkən pit-stoplara üstünlük vermişdir. Liderlərdən ən güc pit-stopa gedən pilot Rene Rast olmuşdur. 11-ci dövrədə pitə girən alman pilot, pitdən Ekstremin ardınca ikinci yerdə çıxmışdır. Müəyyən müddət peletonda sabitlik yaransa da, yarışın bitməsinə 10 dəqiqə qalmış ehtiraslar yenidən qızışmışdır.
Uzun müddət Ekstremi yaxından təqib edən Rene Rast birinci döngədə liderə hücum edərək onu arxada qoymuşdur. Bu hücum sayəsində Rast DTM çempionatındakı ilk qələbəsini əldə etmişdir. Ceymi Qrin də əvvəlcə dünənki yarışın qalibi Pol di Restanı (Mercedes-Benz) geridə qoymuş, sonra isə Marko Vittmanna hücum edərək onu keçməyə müvəffəq olmuşdur.
Niko Müller isə podiuma yüksəlmək üçün Marteni keçməyə cəhd göstərsə də uğursuzluğa düçar olmuşdur. BMW M4 DTM pilotu Müllrin hücumlarını dəf edərək finiş xəttini üçüncü olaraq keçmişdir. Beləliklə, Ceymi Qrin beşinci, di Resta - altıncı, Timo Qlok (BMW) - yeddinci, Robert Uikkenz - səkkizinci, Qəri Paffett isə (hər ikisi - Mercedes) doqquzuncu olmuşdurlar. İlk onluğu Audi Team Phoenix pilotu Mayk Rokenfeller tamamlamışdır.
Beləliklə, Hunqarorinqdə keçirilmiş mərhələdən sonra Rene Rast 70 xalla pilotlar çrmpionatına başçılıq edir. Onu 69 xalla Lukas Auer və 65 xalla Ceymi Qrin təqib edirlər. Komandalar çempionatına 135 xalla Audi Team Rosberg komandası başçılıq edir. İkinci yerdə 96 xal toplamış Mercedes-AMG Motorsport Mercedes me, üçüncü yerdə isə, 95 xalla Audi Sport Team Abt Sportline komandası qərarlaşmışdırlar. Markalar çempionatına 284 xalla Audi başçılıq edir. İkinci yerdə qərarlaşan Mercedes-Benz 234 xala, autsayder sayılan BMW isə 124 xala malikdir.




