Hyundai şirkəti dayanmadan yeni nəsil asimmetrik Veloster hetçbekinin tizerlərini yaymağa davam edir. Böyük ehtimalla, yeni modelin təqdimat gününə kimi koreyalılar tizerləri çap etməyə davam edəcəkdirlər. Bu dəfə istehsalçı avtomobilin işıq texnikasını nümayiş etdirib.

Bir müddət bundan öncə, koreyalı istehsalçı yeni avtomobilin rəngli kamuflyajla örtülmüş təsvirlərini yaymışdı. Sonradan koreyalılar yeni modelin işıqdiodları ilə örtülmüş variantının videotizerini də dərc etmişdilər.

Hyundai Veloster hetçbekinin baza variantının 2,0-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Elantra modelində quraşdırılan bu aqreqat 162 at qüvvəsinə malikdir. Hetçbekin Veloster Turbo modifikasiyası isə, 200 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə təchiz ediləcəkdir.

Turbohetçbek altı pilləli mexaniki və yaxud yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təklif ediləcəkdir. Hyundai Veloster modelinin “qaynar” N-variantı 275 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikə sahib olacaqdır. Bu mühərrik hazırda Hyundai i30 N modelində quraşdırılır.