Miniatür Hyundai Casper nodeli 2021-ci ildə debüt edib. Əslində Casper Kia Picanto modelinin analoqudur, lakin cəlbedici dizayna, hündür dama və qara rəngli dəstə malik olan orijinal kuzov onu krossover adlandırmağa imkan verir. İlkin olaraq elektrik versiyası da nəzərdə tutulmuşdu, ancaq belə versiya yalnız indi peyda olub. Benzin mühərrikli Casper yalnız Cənubi Koreyada satılırsa, elektrik versiyası ixrac ediləcək - o, Avropada Hyundai Inster adı altında satılacaq.
Zahiri cəhətdən, Hyundai Casper elektrokarı yanacaqla işləyən analoqlarından radiator barmaqlığı əvəzinə boş qara panel, başqa bamperlər və dəbdə olan piksel üslubunda LED optika ilə fərqlənir. Elektrik dartmasına keçidlə “Kasper” nəzərəçarpacaq dərəcədə böyüyüb: onun təkər bazası 180 millimetr (2580 millimetr), ümumi uzunluğu isə, 230 millimetr (hazırda 3830 millimetr) artıb. Avtomobilin eni də 15 millimetr (1610 millimetr) artıb. Yəni, elektromobil əslində A sinfindən daha böyük B sinfinə keçib.
Salonda yeni üçqollu sükan peyda olub, lakin transmissiyanın ənənəvi dəstəyi yoxa çıxıb – onun funksiyası sükan sütunundakı miniatür selektora həvalə edilib. Media sisteminin ekranının diaqonalı 10,25 düym olub və cihazlar paneli də eyni ölçüyə malikdir. Eyni zamanda, elektromobil, o cümlədən klimat-kontrola cavabdeh olan açar və düymələrin tam dəstini də qoruyub saxlayıb.
Artan təkər bazası sayəsində arxa oturacaqlar daha geniş olub, fərdi oturacaqlar isə, 160 millimetr diapazonda uzununa tənzimlənməyə malikdirlər. Onların mövqeyindən asılı olaraq, baqaj bölməsinin həcmi 238 ilə 351 litr arasında dəyişir. Bundan əlavə, oturacaqların kürək hissəsi döşəmə ilə eyni səviyyədə qatlanırlar. Bu Casper/Inster dörd nəfər üçün nəzərdə tutulmayıb, lakin gələcəkdə ənənəvi 60:40 nisbətində bölünən arxa divanı olan beş yerlik versiya da vəd edilir.
Hyundai Casper Electric ön oxda quraşdırılan 115 at qüvvəli elektrik dartma mühərriki və 49 kilovat/saat tutumlu dartma batareyası ilə təchiz edilir. Bu, dolu batareya ilə 355 kilometr yürüş üçün kifayət edir. 120 kilovatlıq terminaldan batareyanın 10-dan 80 faizə qədər doldurulmasına 30 dəqiqə gərəkdir. Avropada satılacaq Hyundai Inster modeli 97 at qüvvəli elektrik mühərrikinə, 42 kilovat/saatlıq batareyaya və təxminən 300 kilometrlik yürüş ehtiyatına malik olan daha sadə versiyada təklif ediləcək.
Hyundai Casper Electric elektromobilinin premyerası Busan avtosalonunda keçirilib. Əmtəə avtomobillərinin yaxın aylarda Koreya dilerlərinə çatdırılması gözlənilir. Bununla belə, Hyundai Inster Avropadakı diler salonlarında yalnız gələn ilin əvvəlində peyda olacaq: bu bazarda onun qiyməti təxminən 22 min avrodan başlayacaq. O, Avropada ən ucuz elektromobillər - Dacia Spring və Citroen e-C3 ilə rəqabət aparacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.