Hyundai şirkətinin Tucson və i20 modellərinin «qaynar» N-variantlarını hazırlandığı barədə sizə məlumat vermişdik. Bu günlərdə isə, koreya istehsalçısı Hyundai Tucson modelinin «idman» versiyası olacaq N Line modifikasiyasının ilk tizerlərini yayaraq, modelin Cenevrədə debüt edəcəyini bildirib. Eyni zamanda, krossoverin MHEV versiyası (yumşaq hibrid) da debüt edəcəkdir.
Dərc edilmiş şəkildən də göründüyü kimi, Hyundai Tucson N Line modeli yeni ön bamperə və başqa naxışı olan radiator barmaqlığına sahib olmalıdır. Bundan başqa, krossover kombinə edilmiş tərtibatı və qırmızı rəngli tikişləri olan oturacaqlara, həmçinin xüsusi dizayna malik olan ötürmələr qutusunun dəstəyinə malik olacaqdır. Digər tərtibat variantlarınında olacağı da istisna edilmir.
Çox güman ki, Hyundai Tucson N Line modeli təkmilləşdirilmiş asqı və səsboğucu sisteminə, həmçinin daha həssas akselerator pedalına da sahib olacaqdır. Əlbəttə ki, əyləc sisteminə də yenidən baxılacaqdır.
Artıq qeyd etdiyimiz kimi, Hyundai Tucson modelinin 48 voltluq startyor-generator ilə təchiz edilmiş yumşaq hibrid aqreqatına sahib olan versiyası da Cenevrədə nümayiş etdiriləcəkdir. Hazırda Avropada krossoverin 2,0-litrlik dizel mühərrikinin əsasında yaradılmış yumşaq hibridlə hərəkətə gələn modifikasiyası satılmaqdadır. Yeni versiya isə, benzinlə işləyən mühərrikin əsasında yaradılan aqreqata sahib olacaqdır.