Hyundai Creta modelini artıq smartfondan idarə etmək mümkün olacaqdır. Yığcam krossover Auto Link sistemi ilə təchiz edilir. Sistemin tərkibinə avadanlıqdan savayı məlumatların yığılması və emal edilməsi üçün IT-platforma, smartfon üçün xüsusi tətbiq və Hyundai dilerləri üçün xüsusi portal daxildir.
Bəs yeni sistem Creta sahibinə nə verəcəkdir? İlk növbədə krossoverin sahibi smartfonunun ekranında avtomobilin vəziyyətini monitorinq etməklə yanaşı, məsafədən bir sıra funksiyaları idarə edə bilər. Məsələn, smartfon açar rolunu oynayaraq mühərriki yandırıb-söndürə və klimat-kontrolun tənzimləmələrini apara bilər.
Bundan başqa, tətbiq avtomobilin yerləşdiyi nöqtəni də göstərə bilər. Yeni sistem mobil rabitə şəbəkəsini istifadə etdiyinə görə Auto Link sisteminin tərkibinə üç illik abunəsi ödənilmiş sim-kart daxildir. Hələlik bu yenilik Ruisya bazarında təklif edilir. Təəssüflər olsun ki, bizim bazarda belə xidmətlər hələ də təklif edilmir. Bu məsələdə digər ölkələrdən çox geri qalırıq.