Hyundai şirkətinin N bölməsinin Elantra modelinin “bərkgedən” versiyasını hazırladığı keçən ay dərc edilmiş tizerlərdən artıq məlumdur. Bu günlərdə Cənubi Koreya istehsalçısı yeni videotizeri dərc edərək Elantra N modelinin debüt tarixini açıqlayıb – 14 iyul.

Lakin, videotizerdə təkcə “bərkgedən” modelin debüt tarixi açıqlanmır. Aşağıda dərc etdiyimiz videoçarxa diqqət yetirsəniz, avtomobilin iti görkəmli silueti üzərində iki, üç və dörd hərfdən ibarət sözləri görmək mümkündür. Böyük ehtimalla, bu yazılar “bərkgedən” Elantra modelinin təchiz edilidyi sistemlərə işarə edir. Məsələn ELSD qısaltması avtomobilin elektron kilidi olan yüksək sürtünməli differensial ilə təchiz edildiyindən xəbər verir.

Ən əsası isə, Hyundai Elantra N modelinin təchiz edildiyi mühərrikin möhtəşəm səsini də dinləmək olar. Səsindən də göründüyü kimi, güc aqreqatı yaxşı xarakteristikalara malik olmalıdır. Koreyalılar Elantra N modeli haqqında təfərrüatları açıqlamasalar da, onun ən azından 250 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəyini söyləmək olar. Əlbəttə, N modeli bu mühərrikin 280 at qüvvəsi və 392 Nm fırlanma anı hasil edən versiyasını və Performance indeksini də ala bilər. Böyük ehtimalla, güc aqreqatları 6-pilləli mexnaiki və ya 8-pilləli N DCT “robotu” ilə təklif ediləcəkdirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.