Yığcam Hyundai Elantra sedanı 2021-ci ildə “qaynar” N modifikasiyasına sahib olub. Elə həmin il onun Turing Car Racing kuzov çempionatı üçün hazırlanmış Hyundai Elantra N TCR adlı yarış versiyası təqdim edilib. Təbii ki, avtoidman yarışlarında iştirak etmək adi yol avtomobilləri üçün əla reklamdır, buna görə də 2024-cü ildə mülki idman sedanının Elantra N TCR Edition adlı xüsusi versiyası bəyan edilib. O, ötən il Koreya bazarında debüt edib, indi isə, çox cəlbedici qiymətə ABŞ bazarında satışa çıxarılıb.
Xüsusi seriyadan olan Elantra N TCR sedanı ilə adi Elantra N modeli arasındakı əsas fərq karbondan hazırlanmış nəhəng arxa antiqanaddır. O, incə tənzimlənməyə malikdir və yarış sedanındakı aerodinamik elementə bənzəyir. Lakin daha yaxından baxdıqda, hot-rod ilə əsl yarış avtomobilindəki antiqanadların fərqli olduğu aydın görünür.
Xüsusi buraxılışın digər bir xüsusi xüsusiyyəti, dizaynı yarış avtomobilindəki təkər disklərinə bənzəyən 19-düymlük yüngül döymə diskləridir. Maraqlıdır ki, Koreya bazarında bu diskləri ağ rəngə boyamaq da mümkündür, lakin ABŞ-da onlar yalnız qara rəngə təklif edilirlər. Ön tərəfdə iki hissəli disklərlə tandemdə çalışan dörd porşenli monoblok əyləc mexanizmləri quraşdırılıb.
Hyundai Elantra N TCR xüsusi buraxılışının interyer tərtibatında alkantaradan bolluca istifadə olunub - oturacaqlar, transmissiyanın və əl əyləcinin dəstəyindəki əlavələr bu materialdandır.
Sıfır mövqe işarəsi olan sükan və dirsəkaltı da alkantara ilə işlənib. Sükandakı işarəyə əlavə olaraq, təhlükəsizlik kəmərləri, qapı kənarındakı lövhələr və digər xırda dekor da firma mavi rəngindədir.
TCR xüsusi buraxılışı öz güc aqreqatını adi Elantra N modellərindən miras olaraq alıb. 2,0-litrlik turbomühərrik 280 at qüvvəsi və 392 Nm hasil edir. İki transmissiya əlçatandır. Altı pilləli mexaniki ötürmələr qutusu, aşağı pilləyə keçidlər zamanı sıçrayışların qarşısını almaq üçün, dirsəkli valın dövrələrini avtomatik olaraq artıran sistemlə təchiz olunub.
Səkkiz pilləli N DCT “robotu” sükan çarxındakı “ləçəklərə” və üç iş rejiminə malikdir: standart N Power Shift, trekə yönəlmiş N Track Sense Shift və ən ekstremal N Grin Shift. Ön ötürmə elektron idarə olunan özükilidlənən differensial ilə təchiz edilib.
İki pedallı versiyalarda effektiv start üçün launch control funksiyası da mövcuddur: onunla 100 km/saata sürətlənmə 5,3 saniyə çəkir.
ABŞ-da mexaniki transmissiyalı Hyundai Elantra N TCR sedanının qiyməti 39.250 dollardan başlayır. Robotlaşdırılmış transmissiya malik sedanın qiyməti isə, 40.750 dollardan başlayır. Müqayisə üçün, standart Elantra N idman sedanlarının qiymətləri 35.100 dollardan başlayır, ikimuftalı “robot” üçün isə, əlavə 1500 dollar tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









