Hyundai konserni, 2040-cı ildən başlayaraq, bazarların əksəriyyətində Cənubi Koreya markasını tam elektrikləşdirməyi planlaşdırır. 2045-ci ilə isə, marka yalnız karbon dioksidi atmayan avtomobilləri istehsal edəcəkdir. Şirkətin başlanğıc nöqtəsi Ioniq 5 elektrik hetçbeki olub. Yaxın gələcəkdə yeni xəttə Hyundai Ioniq 6 sedanı qoşulacaqdır. 2024 -cü ildə isə, markanın elektrik çeşidinin flaqmanına çevriləcək Ioniq 7 krossoveri debüt edəcəkdir.
Bütün Hyundai Ioniq avtomobilləri E-GMP modul arxitekturası üzərində inşa olunacaqdırlar. Flagman krossoveri iki elektrik mühərriki, 100 kilovat-saatlıq yeni SK Innovation batareyası və tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Güc qurğusu 308 at qüvvəsinə malik olacaqdır. Dolu batareya ilə bayraqdar krossover təxminən 500 kilometr məsafə qət edəcəkdir.
Ioniq 7 krossoverinin eksklüziv dizaynı koreyalı mütəxəssislərin hazırladığı yeni firma üslubuna uyğun olacaqdır. İri ölçülərinə baxmayaraq, krossover maili dam xətti və iri alın şüşəsi sayəsində hamar bir siluetə malik olacaqdır. Bundan əlavə, elektromobildə ənənəvi radiator barmaqlığı olmayacaqdır. Onu, ön bamperdə şaquli LED blokları olan və avtomobilin eni boyu uzanan işıqdiodlarından hazırlanmış panel əvəzləyəcəkdir. Avtomobilin qeyri-adi görkəmini kvadrat təkər tağları və futuristik təkər diskləri tamamlayacaqlar.
Elektrokrossoverin opsiyalar siyahısına üçüncü dərəcəli Highway Driving Pilot avtonom idarəetmə sistemi, pnevmoasqı və Hyundai şirkətinin ən yeni ADAS təhlükəsizlik sistemləri daxil olacaqdır. Bundan əlavə, Ioniq 7 modeli yeddi yerlik uzunbazalı versiyada da təklif ediləcəkdir. Şirkətin bayraqdar krossoverinin təqdimatı 2024-cü ildə baş tutmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.