Atlantada keçirilən kommersiya nəqliyyatı sərgisində Hyundai şirkəti HDC-6 Neptune adlı hidrogen magistral yedəkçisini və təcrübi HT Nitro ThermoTech qoşqu-soyuducusunu təqdim edib. Bu konseptlər Cənubi Koreya istehsalçısının gələcək yük avtomobillərinə olan baxışını nümayiş etdirir.
Təqdimat zamanı Hyundai şirkətinin baş dizayneri Lyuk Donkervolke yanacaq elementləri ilə çalışan güc qurğusu sayəsində, dizaynerlərin yük avtomobilinin klassik quruluş və arxitekturasına yenidən nəzərdən keçirdiklərini bildirib. Yeri gəlmişkən, Hyundai HDC-6 Neptune yükgötürmə qabiliyyətinə görə amerikan təsnifatında olan ən yüksək səkkizinci sinifə aiddir.
“Neptunun” qeyri-adi görkəmi XX əsrin sənaye dizayneri Henri Dreyfusun işlərindən ilham alınaraq yaradılıb. Dreyfus öz işlərində gözəllik ilə yanaşı, hər bir detalın praktikliyinə üstünlük verib. Məsələn, traktor üçün radiator barmaqlığını yaradan zaman o zolaqlar arasında böyük məsafə buraxırmış ki, sürücü əlcəkdəki əli ilə radiatoru silə bilsin.
HDC-6 Neptune modelinin görkəminin əsasını 1936-1959-cu illərdə Nyu-York dəmir yolu ilə hərəkət edən qatarların nüsxələri təşkil edib. Onların layihələndirilməsi ilə də Henri Dreyfus məşğul olub. Müasirləri qatarın iti dizaynını dərhal qəbul etməyiblər. Kütlə Dreyfusun rəqibi Raymond Louinin qatarlarının istifadə edilməsini tələb edib. Lakin, vaxt keçdikcə, kütlə qəzəbi mərhəmətə çevirərək ixtiraçının innovasion layihəsini qəbul edib.
Hyundai şirkəti yük avtomobili ilə birlikdə onu tamamlayan daha bir prototipi təqdim edib. Bu, HT Nitro ThermoTech qoşqu-soyuducusudur. Xarici temperaturun təsirinə məruz qalmayan qoşqu-soyuducu qida məhsullarını istənilən hava şəraitində daşımağa imkan verir. Bundan başqa, soyuducu səssiz işləyir ki, bu da gecə vaxtı yaşayış zonalarından keçməklə yüklərin çatdırılmasını daha rahat edir. Soyutma sistemi yedək avtomobilindən asılı olmayaraq avtonom şəkildə çalışır. Yük avtomobilinin mühərrikin söndürülməsi halında belə qoşqu-soyuducu maksimal güclə soyudulur. HT Nitro ThermoTech maye azotla çalışır.
Hyundai şirkətinin ABŞ bazarında əsas rəqibi Nikola Motor şirkəti ola bilər. Bu şirkət 2016-cı ildə 1000 at qüvvəsinə malik olan hidrogen yük avtomobilinin təcrübi nüsxəsini təqdim edib. Nikola One adlandırılan avtomobil yanacaq doldurmadan 1287-1931 km arasında məsafə qət edə bilər. Nikola şirkətinin model xəttində bir qədər “yığcam” olan Two və Tre modelləri də mövcuddur.