Bu günlərdə Hyundai şirkəti Cənubi Koreyada Genesis EQ900 modelinin Limousine indeksini almış variantını təqdim etmişdir. Yeni avtomobil Cənubi Koreya şirkətinin premium subbredinin ilk modeli olan və bizim Genesis G90 kimi tanıdığımız sedanın əsasında hazırlanmışdır. Yeni Genesis EQ900 Limousine modelinin uzunluğu adi sedandan 290 millimetr çoxdur və 5494 millimetr təşkil edir. Müqayisə üçün bildirək ki, Genesis EQ900 Limousine avtomobili Mercedes-Maybach S600 modelindən 41 millimetr daha uzundur.
Yeni avtomobil zəngin standart təchizata malikdir. Genesis EQ900 Limousine modeli standart olaraq tam ötürməli çəkiş sistemi, adaptiv asqı sistemi və 425 at qüvvəsi gücü olan beş litrlik səkkiz silindirli Tau mühərriki ilə təchiz edilir. Avtomobilin güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. EQ900 Limousine 100 kilometr/saat həddini altı saniyədən az bir müddətdə toplamağa qadirdir.
Yeni uzun bazalı avtomobilin iç məkanı adı sedanla eyni dizayna malikdir. Bundan əlavə, avtomobilin avadanlıq siyahısına 12,3 düymlük sensorlu displeyi olam mutimedia sistemi, üç zonalı klimat-kontrol, Lexicon səs sistemi, adaptiv kruiz-kontrol, piyadaları aşkar etmək funksiyası ilə təchiz edilmiş öndən toqquşma risqinin qarşısını alan sistem, zolaqlara nəzarət və avtomobili hərəkət etdiyi zolaqda saxlama sistemi də daxil edilmişdir.