Genesis premium subbrendinin sahibi olan Hyundai şirkəti premium markasının avtomobillərinin satıldığı şourumları ayırmaq qərarına gəlib. Artıq Genesis markasından olan avtomobillər Hyundai modelləri ilə bir salonda satılmayacaqdırlar.
Bir neçə il bundan öncə, Genesis adının yeni yarandığı vaxtlarda Cənubi Koreya istehsalçısının Azərbaycandakı nümayəndəsi olan Auto Azərbaycan şirkəti belə bir təkliflə çıxış etmişdi. O zaman, yerli nümayəndəlik Genesis avtomobilləri üçün ayrıca sərgi-salonu da açmışdır. Lakin, Cənubi Koreya istehsalçısı bunun tez olduğunu bildirərək, yerli nümayəndəni fikrindən daşındırmışdı. Beləliklə, illər keçdikdən sonra Cənubi Koreya istehsalçısı yenidən bu fikrin üzərinə qayıdıb və Genesis markasını ayırmaq istəyini bildirib.
Genesis markasının son təqdim etdiyi yenilik Mercedes-Benz C-Class və BMW 3-Series modelləri ilə rəqabət aparacaq Genesis G70 modeli olub. Yeni premium sedan Kia Stinger modeli ilə eyni paltformanı bölüşdürür. Genesis G70 modelinin mühərrik çeşidinə 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik altı silindrli biturbomühərrik, həmçinin 252 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik daxil edilmişdir.
Bundan başqa, sedanın mühərrik çeşidinə 202 at qüvvəsi və 441 Nm fırlanma anına malik olan 2,2-litrlik dörd silindrli dizel mühərriki də daxil edilib. Bütün güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Sedan iki növ transmissiya - arxa və tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Genesis G70 modelinin qabarit uzunluğu 4685 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1400 millimetrdir.
Sedanın təkər bazasının uzunluğu 2835 millimetr təşkil edir. Müvaviq olaraq, G70 sedanı Mercedes-Benz C-Class modelindən 40 millimetr enli və 42 millimetr alçaqdır. Təkər bazasının uzunluğuna görə koreya sedanı alman həmkarına 5 millimetr uduzur. Avtomobilin dizaynı üzərində belçikalı dizayner Lyuk Donkervolke işləyib. Koreya sedanı cəlbedici və tanınan alınmış, həmçinin “böyük qardaşlarının” cizgilərinə sahib olmuşdur.