Hyundai şirkəti Hindistan bazarı üçün nəzərdə tutduğu Creta modelinin yeni nəslinin videotizer və eskizlərini dərc edib. İkinci nəsil Hyundai Creta modeli 6 fevral tarixində Nyu Dehli avtosalonunda debüt edəcəkdir.
Əslində Hindistanda satılacaq krossover zahiri cəhətdən Çində keçən il debüt etmiş Hyundai ix25 krossoverini təkrar edir. Avtomobilin eksteryeri Hyundai markasının bayraqdar krossoveri olan Palisade modelinin üslubunda dizayna malikdir. Avtomobil üçmərtəbəli ön işıq texnikasına sahibdir: yuxarıda gündüz hərəkət işıqlarının nazik zolağı, aşağıda əsas fənərlər, ən altda isə duman əleyhinə fənərlər yerləşir.
Arxa fənərlər də ikimərtəbəli olacaqdırlar, onların arasında isə, baqaj qapağı boyu uzanan nazik stop-siqnal yerləşəcəkdir. Hind versiyasının radiator barmaqlığı çin versiyasından tərtibatı ilə fərqlənəcəkdir. Bundan başqa, eskizdə başqa təkər diskləri əks olunub. Krossoverin interyeri göstərilməsə də, burada ciddi fərqin olacağını gözləmək lazım deyil. Çox güman ki, Hindistanda satılan Creya Çində satılan ix25 modeli ilə eyni interyerə sahib olacaqdır.
Hyundai Creta modelinin qabaritləri açıqlanmayıb. Xatırladaq ki, Hyundai ix25 modelinin qabarit uzunluğu 4300 mm (+30 mm), eni - 1790 mm (+10 mm), hündürlüyü 1635 mm (+8 mm), təkər bazasının genişliyi isə 2610 mm (+20 mm) təşkil edir. Çində Hyundai ix25 modeli 115 at qüvvəli 1,5-litrlik mühərrik və variator ilə təklif edilir. Krossover öndən və ya tamötrüməli ola bilər.
Hind versiyasının mühərrik çeşidində daha iki mühərrik peyda ola bilər. Bunlar yerli bazarda satılan Kia Seltos modelindən tanış olan 140 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki və 115 at qüvvəli dizeldir.