Hyundai şirkətinin Frankfurtda nümayiş etdirəcək eksponatların arasında i10 hetçbekinin növbəti nəsli də olacaqdır. Yeni hetçbek Avropada yaradılıb, hazırlanıb və istehsal olunur. Bir sözlə, bu model yalnız “Köhnə dünyada” satılacaqdır.
Hyundai i10 modelinin yeni nəsli daha dinamik eksteryerə və artmış qabaritlərə sahib olub. Yeni hetçbek sələfindən 20 mm hündür və enli olub. Təkər bazası və uzunluğu dəyişməyən i10 modeli dörd və beş yerli konfiqurasiyada təklif ediləcəkdir. Avtomobilin baqaj bölümünün həcmi 252 litrdir.
Yeni hetçbek sələfindən ikirəngli rəng sxemi, başqa formalı radiator barmaqlığı, yenilənmiş işıq texnikası, yumru formalı gündüz hərəkət işıqları və yeni dizaynlı 16-düymlük təkər diskləri ilə seçilir. Modelin salonunda multimedia sisteminin cihazlar paneli ilə virtual olaraq birləşdirilmiş 8-düymlük sensorlu ekranı peyda olub. Məlum məsələdir ki, yeni multimedia Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir.
Yeni nəsil Hyundai i10 modelinin avadanlıq siyahısına dairəvi görüntü kameraları, smartfonların naqilsiz doldurulması sistemi və bir sıra təhlükəsizlik sistemləri daxildir. Bu sistemlərin arasında toqquşmanı önləyən sistem, avtomatik uzaq işıqlar və zolaqda saxlama funksiyası da vardır.
İlkin olaraq, Hyundai i10 modeli iki mühərriklə təklif olunacaqdır. Bunlar 67 at qüvvəli 1,0-litrlik üçsilindrli və 84 at qüvvəli 1,2-litrlik dördsilindrli mühərriklərdir. Transmissiya – 5-pilləli mexaniki və ya robotlaşdırılmış ötürmələr qutusudur.