Nyu-Dehlidə keçirilən AutoExpo sərgisində Hyundai şirkəti yenilənmiş i20 hetçbekini nümayiş etdirib. Avtomobilin debüt məkanı təsadüfi seçilməyib – i20 modelini istehsal edən zavod məhz Hindistanda yerləşir. Bu zavodun məhsulu dünyanın bir çox ölkələrinə ixrac edilir.
Hindistan bazarında i20 modeli Hyundai Elite i20 adı ilə satılır. 3985 millimetrlik uzunluğu olan avtomobil yüngül plastik əməliyyatdan keçmişdir. Avtomobilin radiator barmaqlığı müasir firma üslubunda dizayn edilmiş, ön və arxa bamperlər yenilənmişdir. Arxa tərəfdə yeni işıq texnikasını və arxa bamperdən kapota “qalxmış” nömrə yerini görmək olar. Üstəlik, hetçbek üçün qara dam da daxil olmaqla yeni rəng çeşidi təklif edilir.
Salonda olan ən böyük dəyişiklik yeddi düymlük sensorlu ekranı və naviqatoru olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, həmçinin xüsusi əlavə sayəsində smartfonu avtomobilə məsafədən qoşmaq imkanı verən multimedia kompleksinin quraşdırılmasıdır. Artıq ikinci sıranın sərnişinləri dirsəkaltında istifadə edə bilərlər. Salon tərtibatında ikirəngli sxem də tətbiq olunur.
Yenilənmiş avtomobilin mühərrik çeşidinə 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki və 90 at qüvvəli 1,4-litrlik turbodizel daxil edilir. Güc aqreqatları altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Sonradan 1,2-litrlik mühərrik Smart Stream variatoru ilə də təklif ediləcəkdir.
Hindistanda yenilənmiş hetçbeklər 8300 – 14200 dollar arasında dəyişən qiymətlərlə satılacaqdır. Çox güman ki, Avropa bazarı üçün nəzərdə tutulan avtomobilin təqdimatı mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır. Hyundai i20 modeli Azərbaycan bazarında satılmır.