Hyundai şirkəti N Line ailəsinin yeni üzvünü - i20 N Line heçbekini təqdim edib. Avtomobil gələn il satışa çıxarılacaq, Volkswagen Polo GTI və Ford Fiesta ST modelləri ilə rəqabət aparacaqdır.
Hyundai i20 N Line modeli adi hetçbekdən boz elementləri olan daha aqressiv ön bamperi və qara radiator barmaqlığı ilə fərqlənir. Arxa bamper idman dekoruna sahib olaraq yenilənib, bundan başqa, buraxılış sisteminin xrom çıxış boruları quraşdırılıb.
Hyundai i20 N Line modelinin salonunda qırmızı tikişləri olan idman oturacaqları və sükan çarxını görmək olar. Transmissiyanın selektorunun dəstəyi dəri ilə örtülüb, pedallar isə metal örtmələrə malikdir. Modelin standart təchizatına 17-düymlük təkər diskləri, rəqəmsal cihazlar paneli, bir sıra təhlükəsizlik sistemləri və sürücü köməkçiləri daxildir.
Modelin mühərrik çeşidinə iki aqreqat daxildir. Baza mühərriki 84 at qüvvəli dördsilindrli 1,2-litrlik MPI mühərrikidir. Əlavə ödənişlə iki güc variantında - 100 və 120 at qüvvəsi hasil edən 1,0-litr üçsilindrli turbomühərriki sifariş etmək olar. Üstəlik, sonuncu halda avtomobil 48 voltluq hibrid sistem və yeddi pilləli "robot" ilə təchiz ediləcəkdir.
Yeni model 2021-ci ildə satışa çıxarılacaq, təxmini dəyəri və təchizat səviyyələri haqqında daha ətraflı məlumat satışlara yaxın açıqlanacaqdır.