Hyundai i30 modelinin üçüncü nəsli 2016-cı ildə təqdim edilib və hələ də satışdadır. Belə uzunömürlülük öz modellərinin nəsilini tez-tez dəyişdirən Koreya şirkətləri üçün olduqca qeyri-adi haldır. Ancaq Hyundai şirkəti i30 ailəsini təqaüdə göndərmək fikrində deyil, çünki artıq bu ailənin ikinci yenilənməsi həyata keçirilib. Bunun əsas səbəbi Avropa Birliyinin yeni tələbləridir - artıq elektron köməkçilərin olması məcburidir. Lakin modernləşmə onların əlavə edilməsi ilə məhdudlaşmayıb.
Eksteryerdəki dəyişikliklər daha kiçik hüceyrələrə malik olan yeni radiator barmaqlığı, duman əleyhinə işıqların başqa korpusları və ön bamperin yenidən işlənmiş aşağı seqmentindən ibarətdir. Kuzov rəngləri palitrasına yeddi yeni çalar əlavə edilib və artıq on iki rəng arasından seçim etmək mümkündür.
İnteryerdə daha keyfiyyətli material ilə örtülmüş üst hissəsi olan ön panel və tamamilə parlaq qara plastiklə örtülmüş mərkəzi konsol var. Oturacaqların və dirsəkaltıların üzlənməsi zamanı başqa naxışı olan süni dəri, parça və mikrofiberdən ibarət yeni kombinasiyalardan istifadə edilir. Salonda və baqajda əlavə LED işıqlandırması peyda olub.
Hər üç kuzov növündə (hetçbek, liftbək və universal) təklif olunan Hyundai i30 N Line idman versiyası ayrıca mövqeləndirilir. N Line versiyasının radiator və hava girişlərinin barmaqlıqları dəyişib, ön və arxa bamperlərdə, eləcə də genişləndirilmiş kandarlarda tünd əlavələr peyda olub. Alıcılar 17 və ya 18 düymlük təkər disklərini seçə bilərlər.
Baza təchizatına səyahət kompüterinin 4,2-düymlük rəngli ekranı və üç USB Type-C konnektoru daxildir. Əlavə ödəniş qqarşılığında 10,25-düymlük virtual cihazlar paneli təklif olunur. Lakin daha vacibi odur ki, standart təchizat indi avtomatik əyləcləmə və zolaq saxlama sistemlərini, sürət məhdudlaşdırıcısını, açıq qalan qapların siqnalizasiyasını və ön və arxa parkinq sensorlarını ehtiva edir. Adaptiv kruiz kontrol sistemi də əlavə ödəniş tələb edir.
Kapotun altında heç bir dəyişiklik elan edilməyib. Müvafiq olaraq, Avropada Hyundai i30 əvvəlki kimi, 1,0 T-GDi (120 at qüvvəsi) və ya 1,5 T-GDi “turbodördlükləri”(160 at qüvvəsi) təchiz oluna bilər. Onlar 48 voltluq hibrid üstquruma malikdirlər və altı pilləli mexaniki transmissiya və ya yeddi pilləli preselektiv “robot” ilə tandemdə çalışa bilərlər. Avropadan kənara ixrac edilən avtomobillər 1,5-litrlik (110 at qüvvəsi) mühərrik ilə gəlirlər. 1,6-litrlik turbodizel 2022-ci ildə mühərrik çeşidindən çıxarılıb və yaxın gələcəkdə “qaynar” Hyundai i30 N modeli də onun ardınca təqaüdə yollanacaq. Ona görə də “qaynar” versiya artıq yenilənmiş çeşiddə təmsil olunmayıb.
Yenilənmiş Hyundai i30 ailəsinin Noşovisedəki (Çexiya) zavodda istehsalına aprel ayında başlanacaq. Elə o zaman qiymətlər açıqlanacaq. Hazırda Almaniyada restaylinqdən əvvəlki i30 modelinin qiyməti 27 590 avrodan başlayır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.