Avropada satılan Hyundai i30 ailəsi demək olar ki, ilin əvvəlində tamamilə yenilənib. Lakin, istehsalçı “deserti” sona saxlayıb – indi növbə “bərkgedən” i30 N hetçbekinə çatıb. Bu gün istehsalçı yenilənmiş “qaynar” hetçbekin ilk tizerlərini dərc edib. Baza modelnin ardınca, i30 N modeli də yeni bamperlərə, LED fənərlərə və arxa işıq texnikasina, eləcə də genişləndirilmiş radiator barmaqlığına sahib olacaqdır. Lakin başqa yeniliklər də var.
Hetçbek iri çıxış boruları olan səsboğucu sistemə və daha yüngül 19-düymlük təkər disklərini əldə edəcəkdir. Ən əsası isə, restaylinqdən sonra i30 N modelinin arsenalında çoxdan gözlənilən "robot" peyda olacaqdır.
İki “yaş” muftası olan səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ABŞ və Cənubi Koreya bazarlarında təklif edilən “bərkgedən” Hyundai Veloster N hetçbekindəki ilə eynidir.
Yeni transmissiya ilə Hyundai i30 N gündəlik istismarda daha rahat, həm də daha dinamik olmalıdır. Məsələn, “robot” ilə təchiz edilən Veloster N modeli 100 km/saat həddinə, mexaniki qutu ilə təchiz edilmiş versiyadan 0,5 saniyə daha tez sürətlənir.
Böyük ehtimalla, “bərkgedən” hetçbekin təchiz edildiyi 2.0-litrlik turbomühərriki dəyişməyəcək və əvvəlki kimi 250 və 275 at qüvvəli versiyalarda təklif ediləcəkdir. Yenilənmiş Hyundai i30 N modelinin təqdimatı sentyabr ayının sonuna qədər keçirilməlidir. Xatırladaq ki, i30 modeli və onun “bərkgedən” N versiyasıi bizim bazarda təklif edilmir.