Hyundai şirkəti yeni Ioniq 5 elektrokarına həsr olunmuş qeyri-adi videotizeri yayıb. Avtomobilin özü videoda nümayiş olunmayıb, lakin "yeni modelin üç əlavə xüsusiyyəti" sadalanıb və onun debüt tarixi açıqlanıb - 2021-ci ilin əvvəli.
Ioniq 5 modeli Hyundai şirkətinin E-GMP (Electric-Global Modular Platform) arxitekturası üzərində qurulmuş ilk elektrokarıdır. Yeni avtomobil ölçülərinə görə hazırki Santa Fe modelini üstələyəcək bir krossoverdir. İlkin məlumatlara görə, "Beşin" uzunluğu 4635 millimetrə, eni - 1890 millimetrə, hündürlüyü - 1605 millimetrə, təkər bazası isə 3000 millimetrə çatır. Sonuncu göstəriciyə görə, yeni elektrokar hətta Palisade modelini də üstələyir. Yeni krossoverin dizaynı Hyundai 45 konsept avtomobilinin üslubunda olacaqdır.
Yeni videoçarxda Hyundai şirkəti modelin üç “əlavə” imkanından bəhs edir və onların hər biri üçün ad da seçib. Birinci xüsusiyyət "Həyat üçün əlavə güc" (“Extra Power for Life”) adlanır və Ioniq 5 modelinin iki yönlü enerji çevirmə funksiyasına V2L (Vehicle to Load) sahib olduğunu xatırladır.
İkinci, "Sizin üçün əlavə vaxt" ("Extra Time for You") ekspress yükləmənin dəstəklənməsinə işarə edir. Üçüncü xüsusiyyət “Unikal hissiyatlar" (“Extraordinary Experiences”) adlanır və “yaxın gələcəkdə təqdim ediləcək” elektromobilin hansısa yeni funksiyalara malik olacağını bildirir.
Hələlik, Ioniq 5 modelinin iki modifikasiyası barədə məlumat mövcuddur: 58 və 73 kilovat-saat tutumu olan batareya ilə təchiz edilən modifikasiyaların yürüş ehtiyatı, müvafiq olaraq, 354 və 450 kilometr olacaqdır.
Ekspress yükləmə sayəsində enerji ehtiyatını 80 faizini 18 dəqiqədə ərzində bərpa etmək mümükün olacaqdır. Beş dəqiqəlik enerji yüklənməsi 100 kilometrə qədər yürüş ehtiyatını təmin edəcəkdir.
Yuxarıda qeyd olunmuş V2L texnologiyasına gəldikdə isə, bu sistem əlavə avadanlığa ehtiyac olmadan xarici cihazları (3,5 kilovatta qədər) qidalandırmağa imkan verir. Məsələn, elektromobilə qoşulmuş 55-düymlük televizor və ya kondisioner 24 saat işləyəcəkdir.
Bundan əvvəl, Hyundai Ioniq 5 modelinin 2021-ci ilin əvvəlində Avropada, doğma Cənubi Koreyada isə yazda satışa çıxarılacağı bildirilmişdi. Gələn ilin yayında isə, elektromobilin ABŞ-dakı satışlarına başlanmalıdır. Yaxın gələcəkdə Ioniq ailəsi iki yeni modellə tamamlanacaqdır: kupeşəkilli Ioniq 6 sedanı və tam ölçülü Ioniq 7 krossoveri.