Hyundai şirkətinin mətbuat xidməti Ioniq 5 modelinin təqdimatından bir neçə gün sonra, Avropada 236 mindən çox insanın bu modelə “maraq nümayiş etdirdiyini” bildirib. Üstəlik, məhdud sayda tirajla buraxılacaq Ioniq 5 Project 45 nəşrinin bütün buraxılışı, müraciətlərin qəbul edilməsinə başlanılan andan etibarən ilk 24 saat ərzində tamamilə sifariş olunub.
Hyundai nümayəndələri avropalıların öncədən sifariş edilmiş elektromobilləri çox gözləməyəcəklərinə söz verirlər - çatdırılmalar 2021-ci ilin ikinci rübünə planlaşdırılıb. Ioniq 5 modelinin uğuru bir neçə amil ilə izah olunur: birincisi, yeni elektrokar populyar yığcam krossover seqmentinə aiddir, ikincisi, model dəbdə olan retro üslubda hazırlanmış görünüşə və transformasiya edilən salona malikdir, üçüncüsü isə, elektromobil 350 kilovata qədər gücü olan 800-voltluq terminaldan yükləməni dəstəkləyir. Batareyanın 80 faizinin doldurulmasına 18 dəqiqə gərəkdir.
Elektrik krossoveri iki versiyada təklif olunur: Standard Range və Long Range, arxa və ya tam ötürməli. Modelin elektrik güc qurğusunun hasilatı 170 ilə 306 at qüvvəsi arasında dəyişir, yürüş ehtiyatı isə 480 kilometrə çatır. Avropada ən əlçatan Ioniq 5 modeli 41,900 avroya başa gəlir.
Modelə yüksək tələb Cənubi Koreyada da müşahidə olunur. Daxili bazarda elektrik krossoveri əvvəlcədən sifarişlərin sayına görə rekorda imza atıb: sutka ərzində Ioniq 5 modelinə 23 mindən çox sifariş qəbul edilib ki, bu da daha əvvəl rekorda imza atan yenilənmiş altıncı nəsil Hyundai Grandeur modelinin topladığından çoxdur. Avropada öncədən sifarişlərin sayına görə Ioniq 5 modeli Tucson krossoverini üstələyib.