Hyundai Ioniq xəttinin yeni üzvü olan Ioniq 6 elektrik sedanı Cənubi Koreya bazarında səs-küyə səbəb olub. İlkin sifarişlərin açılmasından cəmi bir gün ərzində elektrosedanına 37 446 nəfər öncədən sifariş verib - bu, brend üçün görünməmiş bir nəticədir. Ioniq 6 əvvəlki rekordun sahibi olan Ioniq 5 krossoverini xeyli geridə qoyub. Hyundai Ioniq 6 modelinin baza variantının qiyməti 52 milyon (66,3 min manat), top Exclusive versiyasının isə, 61,35 milyon vondan (78,3 min manat) başlayır.
İyul ayında Busan Beynəlxalq Avtomobil Sərgisində canlı nümayiş etdirilən Ioniq 6 sedanı, Hyundai şirkətinin elektrik çeşidində bu günə krossover olmayan yeganə modeldir.
Sedan, Ioniq 5 və Kia EV6 modellərinin da əsaslandığı E-GMP (Electric Global Modular Platform) arxitekturasında inşa edilib və onun aerodinamik müqavimət əmsalı (0,21) Tesla Model 3 elektrokarının əmsalı ilə müqayisə edilə bilər və brendin tarixindəki ən aşağı göstəricidir.
Maraqlı həllər arasında irəli çıxan qapı tutacaqları, adi yan güzgülərin əvəzinə kameralar, qapı kartlarında heç bir düymənin olmaması və tərtibatda təkrar emal olunmuş materiallardan istifadə var.
Ioniq 6 elektrik sedanının baza versiyası 53 kilovat-saatlıq, top versiyası isə, 77,4 kilovat-saatlıq dartma batareyası təklif olunur. Sonuncu halda sedanın yürüş ehtiyatı 515 kilometr təşkil edir. Tamötürməli sedanın elektrik güc qurğusu 325 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edir və avtomobili yerindən 100 km/saat həddinə 5,1 saniyəyə sürətləndirir.
Cənubi Koreyada ilkin sifarişlərin sayına görə rekordu, keçən ilin fevralında satışlarına start verilən Hyundai Ioniq 5 elektrik krossoveri qeydə alıb. O zaman, 24 saat ərzində, şirkətə elektrik krossoverini almaq istəyən 23 760 şəxsdən müraciət daxil olmuşdu.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.