Hyundai Ioniq 6 modelinin kütləvi debütü iyulun ortalarında Busan avtosalonunda baş tutmalıdır, lakin model haqqında təfərrüatlar sabah, iyunun 28-də açıqlana bilər. Hyundai seriya elektromobilinin damı, irəli çıxan qapı tutacaqları və təkər diskləri kimi müxtəlif detallarını əks etdirən yeni şəkillər toplusunu dərc edib. Şəkiillərdən Ioniq 6 modelində xarici güzgülərin əvəzinə kameraların olacağı görünür. Yeni modelin bazarda Tesla Model 3 ilə rəqabət aparacağı məlumdur.
Gözlənildiyi kimi, yeni elektrokar 2020-ci ilin Prophecy konseptinin üslubunda dizayna malik olan sedandır. Şəkillərdən birində maili damı, digərində - pikselli optikanı, üçüncüsündə isə arxa spoylerə inteqrasiya olunmuş əyləc işığını göstərmək olar. Başqa şəkildə isə, ön qanad, disk və ənənəvi xarici güzgünün yerinə quraşdırılmış kamera əks olunub.
Ioniq 6 elektrokarı ölçülərinə görə Sonata ilə müqayisə edilə bilər və D sinifinə aiddir. O, E-GMP arxitekturasına əsaslanır. Qeyri-rəsmi məlumatlara görə, elektromobil Ioniq 5 modelindən tanış olan 77,4 kilovat-saatlıq batareyanı alacaq, dolu batareya ilə təxminən 515-550 kilometr (hesablama metodundan asılı olaraq) qət edəcəkdir. Bundan əlavə, Ioniq 6 elektrokarının ümumi hasilatı 300 at qüvvəsinin üzərində olan iki elektrik mühərriki ilə təchiz ediləcəyi gözlənilir.
İlkin olaraq, Hyundai Ioniq 6 modelinin yazda debüt edəcəyi güman edilirdi, lakin son anda Hyundai təqdimatı təxirə salmaq və seriya elektromobilinin dizaynında bir sıra dəyişikliklər etmək qərarına gəlib. Avtomobilin xarici görünüşündə dəqiq nəyin dəyişdiyi iyunun 28-də məlum olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.