Keçən ilin yazında qeyri-adi Hyundai Ioniq 6 elektrik sedanı genişmiqyaslı restaylinqə məruz qalsa da, onun ən maraqlı versiyası sonraya saxlanılıb. Yalnız indi Qudvudda keçirilən Sürət Festivalında ən güclü Ioniq 6 N modifikasiyası debüt edib. Onun üzərində işlər uzun müddət aparılıb, axı Hyundai RN22e şoukarı üç il əvvəl işıq üzü görüb. Əslində, Hyundai Ioniq 6 N modeli bütün texniki hissəni demək olar ki, bütovlüklə eyni platformanı bölüşdüyü 2023-cü ilin Ioniq 5 N modelindən götürüb.

İkimühərrikli tam ötürmə hər iki modeldə eynidir. Hər iki elektrik mühərriki 21.000 dövr/dəqiqəyə qədər fırlana bilir, nominal rejimdə ön mühərrik 226 at qüvvəsi, arxa mühərrik isə, 383 at qüvvəsi hasil edir. Bir sözlə, mühərriklərin ümumi gücü 609 at qüvvəsi təşkil edir. Amma ən ekstremal N Grin Boost rejimində (sükan çarxındakı düymə ilə aktivləşdirilir) hər iki mühərrik 10 saniyə ərzində maksimum güc hasil edir ki, bu da ümumilikdə 650 at qüvvəsi və 770 Nm deməkdir. Arxa differensial elektron idarələnən kilidə malikdir.

84 kilovat/saatlıq dartma batareyası da Ioiq 5 N modelindən alınıb və ayrıca radiatoru olan qabaqcıl termostat sisteminə malikdir. Yarış trekinə çıxmazdan əvvəl batareyanı əvvəlcədən qızdırmaq və işləmə istiliyinə çatdırmaq olar. SC şarj cihazının gücü 350 kilovatdır. Hyundai hələlik dolu batareya ilə yürüş ehtiyatı haqqında məlumat verməyib.

Zəngin elektron sistemlər və köməkçilər dəsti də Ioniq 5 N modelindən götürülüb. Məsələn, N Drift Optimizer adlı sistem təkcə drift üçün dartma qüvvəsinin paylanmasını dəyişdirmir, həm də kəskin buraxılmış muftanı simulyasiya edərək fırlanma anının yüksəlməsini aktivləşdirir. N Active Sound+ əlavəsi isə, daxili yanma mühərrikinin səsini təkcə salonda deyil, həm də avtomobilin xaricində təqlid edir. Əlavənin adındakı "+" işarəsi onun yenidən işləndiyinə işarə edir.

Beləliklə, sistem digər dinamiklərə sahib olub, proqram məntiqinə yenidən baxılıb və səs rejimləri dəyişdirilib, baxmayaraq ki, əvvəlki kimi üç rejim (Ingition, Evolution və Lightspeed) mövcuddur. Bu sistemlə birlikdə səkkiz pillənin dəyişdirilməsini simulyasiya edən N e-Shift əlavəsi işləyir. Üstəlik, o təkcə səs müşayətinə təsir göstərmir, həm də elektrik mühərriklərinin dartma qüvvəsini qısa müddətə kəsir. Ioniq 6 N modelində vizual indikasiya da var.

N Launch Control sistemi işə salındıqda, elektrik sedanı 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Xatırladaq ki, beşqapılı Ioniq 5 N bu işə 3,4 saniyə sərf edir. Bu fərq, digər məsələlərlə yanaşı, daha yüngül 20 düymlük təkər disklərinə (Pirelli P-Zero 5 şinləri ilə) keçidlə bağlıdır. Ioniq 5 N isə, 21-düymlük təkərlərə malikdir. Maksimal sürət 257 km/saatdır.

Hər iki N modelinin əyləc mexanizmləri eynidir: öndə dörd porşenli mexanizmlər və 400 millimetrlik əyləc diskləri, arxada isə, sadə üzən supportlar və 360 millimetrlik əyləc diskləri var. Üstəlik, yavaşlamanın 0,6 g-yə çatmasına imkan verən çox effektiv rekuperasiya sistemi mövcuddur. Adaptiv amortizatorlara malik olan yaylı asma Ioniq 6 baza sedanının şassisindən əhəmiyyətli dərəcədə fərqlənir: həndəsə tamamilə yenidən işlənib, yanaəyilmə mərkəzi aşağı salınıb, klirens azaldılıb. Kuzovun strukturunda əlavə gücləndiricilər peyda olublar. Misal üçün, ikinci cərgənin arxasında diaqonal dayaqlar quraşdırılıblar.
Zahiri cəhətdən, Hyundai Ioniq 6 N baza modeldən aqressiv kuzov dəsti (avtomobilin uzunluğunu 80 millimetr artaraq 4935 millimetrə çatıb), genişləndirilmiş təkər tağları (ümumi eni 60 millimetr artaraq 1940 millimetrə çatıb), iri antiqanad və arxa fənərlərin quraşdırılmış bölmələri olan başqa baqaj qapağı ilə fərqlənir. Aerodinamik müqavimət əmsalı Cx=0,27 təşkil edir. Salonda başqa sükan çarxını, ön idman oturacaqlarını və fərqli ekran qrafikasını görmək olar.
Hyundai Ioniq 6 N sedanı cari ilin payızında satışa çıxarılacaq. Qiymət baxımından o, Almaniyada 75 min avrodan satılan Ioniq 5 N modeli ilə müqayisə oluna bilər. Bundan əlavə, tərtibatçılar eyni zamanda N Performance xəttindən olan zəngin aksessuarlar dəstini təklif etməyə söz veriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.