Hyundai şirkəti Ioniq adlı hibrid avtomobilini rəsmi olaraq təqdim edib. Yeni avtomobil Hyundai-Kia qrupunun yeni modul platformasında istehsal edilir. Bu platforma xüsusi olaraq, şirkətin əvvəlki modellərdə tətbiq etmədiyi yeni elektrik mühərriklərinin və hibrid güc aqreqatlarının quraşdırılması üçün yaradılmışdır. Ioniq modelinin konstruksiyasında yüngülləşdirilmiş materiallardan geniş istifadə edilmişdir.
Kuzovun güc elementləri xüsusi möhkəm metaldan hazırlanma da, avtomobilin baqaj bölümünün qapağı, kapotu və asqısının müıəyyən hissələri alüminiumdan düzəldilmişdir. Alüminiumun tətbiqi 12,6 kq qənaət etməyə imkan vermişdir.
Avtomobilin aerodinamik müqavimətinin əmsalı 0,24 bərabərdir. Hava axınlarının optimal şəkildə bölüşdürülməsinə arxa spoyler, diffuzor və moldinqlər yardım edir. Batareyaların arxa oturacaqların altında yerləşdirilməsi sayəsində baqaj bölümünün həcmi 750 litr təşkil edir. Hyundai Ioniq modeli üç müxtəlif güc aqreqatı ilə təklif edilir. Bunlardan birincisi benzin və elektrik mühərriki ilə təchiz edilmiş variantdır.
Hibrid güc aqreqatını tərkibinə 105 at qüvvəsi və 147 Nm fırlanma anı olan 1,6-litrlik GDi mühərriki, 32 kilovatt gücü və 170 Nm fırlanma anı olan elektrik mühərriki, litium-ion batareyalar və altı pilləli ikimuftalı 6DCT sürətlər qutusu daxildir. Hibrid güc aqreqatının ümumi verimi 141 at qüvvəsi və 265 Nm fırlanma anıdır.
Sonradan koreyalılar hibrid güc aqreqatının məişət elektrik şəbəkəsindən qidalanan variantını və avtomobilin litium-ion batareyalardan qidalanan elektrik motoru ilə hərəkətə gələn modifikasiyasını da təklif edəcəklər. Hyundai Ioniq modeli effektiv isifadəni təmin edən DAS-ECO (Eco-Driving Assistant System) sistemi ilə təchiz edilmişdir. DAS-ECO peyk naviqasiyası vasitəsi ilə yoldakı hərəkətliliyi təhlil edərək, ani sürətlənmə və dayanma tələb etməyən marşrutu seçir və bataleyaların effektiv doldurulmasını təmin edir.
Avtomobil 7 təhlükəsizlik yastığı, avtomobilin zolaqda saxlanması sistemi, ölü zonaların monitorinqi, piyadaları aşkar edə bilən avtomatik əylənmə sistemi və şinlərdəki təzyiqi ölçən sistem ilə təchiz edilir.
Ioniq 15-17 düym arasında dəyişən təkər diskləri ilə də təchiz ediləcəkdir ki, modifikasiyaları ayırd etmək üçün hər bir modelin özünə məxsus diskləri olacaqdır. Avtomobilin şinləri, yırğalanmaya qarşı aşağı müqaviməti olan Michelin şinləri olacaqdır. Hyundai Ioniq iki zonalı klimat-kontrol, Apple CarPlay və Android Auto platformasinda işləyən multimedia sisteminin 7-düymlük TFT displeyi ilə təchiz edilir. Həmçinin, avtomobildə smartfonların induktiv doldurulması meydançası da mövcuddur.
Hyundai Ioniq modelinin hər üç variantı bu il satışa çıxarılacaqdır. 2020-ci ilə Hyundai şirkəti ekomobillərin sayının 22 çatdırılacağını bildirmişdir.